AZ

Paşinyan erməni tarixini yenidən öyrənir

O öz xalqını yaşamağa deyil, inkişafa çağırır

Ermənistanın baş naziri Nikol Paşinyanın “Facebook” səhifəsindəki videoyayım zamanı dedikləri heç də yenilik deyil. O anlamda ki, Nikol əvvəllər də oxşar məzmunlu fikirlər səsləndirib. Amma bu dəfə baş nazirin hədəfi daha dəqiq nişan aldığını söyləmək mümkündür.

Deməli, Paşinyan bildirib ki, hazırda Ermənistanın gündəliyi yaşamaq uğrunda mübarizə deyil, inkişaf gündəliyidir: “Ermənistan tarixi”nin üçüncü cildinin birinci kitabını oxuyub bitirdim və dərhal üçüncü cildin ikinci kitabına başladım. Erməni tarixinin dərslərini öyrənin. Əslində, mənim daim məşğul olduğum iş budur. Bu gün bizim yaşamaq yox, inkişaf gündəliyinə sahib olmağımızın səbəblərindən biri də məhz budur”.

Bəli, Paşinyanın “Ermənistan tarixi” kitabını oxuduğunu bildirməsi və bu kitabı hər bir erməniyə məsləhət görməsi müsbət haldır. Hərçənd, söhbətin hansı Ermənistandan getdiyi maraqlıdır. Axı olmayan məmləkətin tarixinin mövcudluğu nonsensdir. Hər bir halda, hesab edək ki, Nikolun vərəqlədiyi kitab özündə erməni varlığının indiyədək keçdiyi yolu əks etdirir. Burada başlıca məqam baş nazirin “yaşamaq uğrunda mübarizə” tezisidir.

Məsələ ondadır ki, erməni varlığının “yaşamaq uğrunda mübarizə” gündəliyi qondarma mahiyyət daşıyır. Daha doğrusu, sözügedən gündəlik xaricin, yəni imperialist qüvvələrin bu varlıq üçün müəyyənləşdirdiyi aqibət, belə demək mümkünsə, alın yazısıdır. Diqqət yetirək, həmin qüvvələr, bir qayda olaraq, erməniləri döyüşkən millət kimi xarakterizə ediblər. İkincilər isə tərifdən çuşa gələrək, özlərini yüksək tutublar. Ancaq heç bir hayın ağlına nə üçün, nəyə görə və kiminlə döyüşməli olduğu gəlməyib. Ermənilər sorğu-sualsız özləri üçün yazılmış aqibətə boyun əyiblər. İndi Ermənistanda bu barədə söz açanların sayı çoxalıb. Söhbət, eyni zamanda, özünütənqiddən gedir. Məsələn, erməni bloger və jurnalist Roman Baqdasaryan tez-tez qondarma “erməni soyqırımı” haqqında danışanda bildirir ki, 1915-ci il hadisələrinə görə günahkar daşnaklardır.

R.Baqdasaryanın qəti fikri ondan ibarədir ki, hay qövmü daşnakların xaricdə hazırlanmış təxribat ssenariləri ilə təbəəsi olduğu Osmanlı imperiyası daxilində iğtişaşlar törədiblər və bunun adı xəyanətdir. Həqiqətən, ortaya maraqlı sual çıxır: O boyda Osmanlı niyə birdən-birə antierməni ovqatına köklənməli idi? Axı ermənilər Osmanlı Türkiyəsində hər zaman digər qeyri-müsəlman xalqlar kimi dinclik və əmin-amanlıq şəraitində yaşayıblar. Onlara “gözün üstə qaşın var” deyən olmayıb. Yəni ermənilərin ayrıca tutulması mümkün deyildi. Amma belə bir hal yaşandı və səbəbi odur ki, Baqdasaryanın diqqətə çatdırdığı daşnak amili ilə yanaşı, kilsənin də “rolu” vurğulanmalıdır. Bu iki amil Qərbin anti-Osmanlı xəttinin təxribat aləti funksiyasını yerinə yetirdi, Osmanlının müxtəlif bölgələrində qırğınlar törətdi və hətta dinc ermənilər də bu qırğınların hədəfinə çevrildilər. Belə bir şəraitdə Osmanlı dövləti hayları imperiyanın müxtəlif bölgələrinə köçürmək qərarına gəldi.

Köçürülmələr təxribatçı ermənilərin pərən-pərən salınması üçün idi. I Dünya müharibəsində iştirak edən dövlət özünə qarşı xain həmlələrini məhz belə zərərsizləşdirdi ki, onun bu addımı sonradan “erməni soyqırımı” adlandırıldı. Halbuki belə adlandırılma çox haqsızdır. Çünki ermənilər təbəəsi olduqları ölkənin tərkibində rahat ömür sürürdülər və onların yaşamaq uğrunda mübarizəyə heç bir ehtiyacları yox idi.

Bəli, ermənilər Azərbaycanın tərkibində də yaşayırdılar. Ancaq hayları 1830-cu ildən başlayaraq Qafqaza yerləşdirənlərin “planları” başqa idi. Yəni ermənilərin bölgənin türk-müsəlman əhalisinə qarşı qoyulması “ssenarisi” işə salınmış, belə bir ovqat yaradılmışdı ki, sanki müsəlmanlara qarşı mübarizə müqəddəsdir və bu müqəddəsliyin erməni dövləti adlı hədəfi var. O dövlət ki, ideoloji bazasında bir xalqın dövlətə çevrilməsi üçün tələb olunan hansısa cəhət və ya meyar yox idi. Heç şübhəsiz, Paşinyan oxuduğu kitabda bunları görüb. Görüb ki, hay qövmünü, belə demək mümkünsə, dövlətləndirənlərin nəzərindəki varlıq xətti yalnız mübarizəyə əsaslanır. Əvvəldə haqqında söz açdığımız ermənilərin döyüşkən, mərd olmalarına dair klişelər də bundan qaynaqlanıb. Əlbəttə, bu klişelərin rahat yaşamaqla heç bir əlaqəsi yoxdur. Həm də ona görə əlaqəsi yoxdur ki, ermənilərin “yaşamaq uğrunda mübarizələri” onlara inkişaf gətirməyib, əksinə, geriləmələrinə səbəb olub. Yəni Nikol gəldiyi qənaətdə haqlıdır.

Hazırda Ermənistan və erməni xalqı qarşısında rahat yaşamaq fürsəti yaranıb. Belə bir fürsət onlara tarixin heç bir dövründə verilməmişdi. Nə qədər qəribə səslənsə də, Ermənistana yaşayaraq inkişaf fürsətini verən məhz Azərbaycandır. Əgər ölkəmizin 44 günlük müharibədəki Zəfəri, lokal xarakterli antiterror tədbirlərinin uğuru olmasaydı, Paşinyan qarışıq bütün ermənilər hələ də inkişaf barədə düşünməzdilər.

Sonda onu da bildirək ki, Azərbaycan özünün qətiyyəti və prinsipiallığı ilə Ermənistana ayılmaq, reallığın və həqiqətin üzünə dik baxmaq şansı yaratdı. Bir anlıq təsəvvür edək ki, II Qarabağ müharibəsi Ermənistanın xeyrinə nəticələnib. Belə bir hal yaşansaydı, hayların Türkiyə ərazilərinə iddiaları şaxə qalxacaqdı. Yəni onlara rahat yaşamaq imkanı əsla verilməyəcəkdi.

İndi də tam mənada demək olmaz ki, ermənilər rahat yaşamaq arzusundadırlar. Daşnaklar ölkənin parlamentində hələ də təmsil olunurlarsa, deməli, inkişaf amalı cəmiyyətin alt qatında özünə yer tapmayıb. Hazırda ölkədə revanşist və şovinist baxışlar qalırsa, Ermənistan cəmiyyətin xam xəyallardan qurtulduğunu da söyləmək olmaz. Bütün bunlara görə Paşinyanın xalqı kitab oxumağa daha əzmlə çağırması vacibdir. Özü də ermənilər indiyədək gəldikləri yol barədə nəinki oxumalı, eyni zamanda, nəticə çıxarmalıdırlar. Nəticə çıxarmalıdır ki, kimlərsə onlara “yaşamaq dərsi” keçməsin, yeni sərsəm ssenarilər qondarmasın. Əks halda...

Ə.CAHANGİROĞLU
XQ

Seçilən
19
1
xalqqazeti.az

2Mənbələr