AZ

Dünyanın yeni kəsərli Sülh Şurası

ain.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Yaxud Trampın qlobal ambisiyasının şifrələri

Fevralın 19-da Vaşinqtonda baş tutacaq Sülh Şurasının ilk liderlər sammiti müasir beynəlxalq münasibətlər sisteminin tarixində həlledici dönüş nöqtələrindən biri kimi yaddaşlara həkk olunacaq. ABŞ Prezidenti Donald Trampın yeni təşəbbüsü İkinci Dünya müharibəsindən sonra formalaşmış və bu gün artıq iflic vəziyyətində olan qlobal təhlükəsizlik arxitekturasının tamamilə yenidən dizayn edilməsidir. Ağ Ev rəhbərinin Sülh Şurası Qəzzadan daha irəli gedəcək və ən əhəmiyyətli beynəlxalq təşkilat ola bilər bəyanatı açıq şəkildə göstərir ki, dünya ənənəvi diplomatiyadan praqmatik korporativ idarəetmə modelinə keçid edir. Bu keçid prosesində Azərbaycanın strateji mövqeyi və Prezident İlham Əliyevin uzaqgörən siyasəti ölkəmizi yeni qlobal masada söz sahiblərindən birinə çevirib.

Sülh Şurasının yaradılması ideyası əslində dünyanın uzun müddət ehtiyac duyduğu, lakin mövcud bürokratik əngəllər səbəbindən reallaşdıra bilmədiyi radikal islahatın təzahürüdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı daimi üzvlərin veto hüququndan sui-istifadə etməsi qlobal münaqişələrin həllini dalana dirəyib. Prezident Trampın “Biz Birləşmiş Millətlər Təşkilatı ilə birlikdə işləyirik. BMT-nin böyük potensialı var” fikri diplomatik nəzakət kimi səslənsə də, əslində, sətiraltı mənaya malikdir. Bu, BMTnin funksionallığını itirdiyinin, yeni və daha çevik mexanizmin işə düşməsinin rəsmi elanıdır. Fevralın 19-da Sülh Şurasının iclasında elan ediləcək 5 milyard dollarlıq ilkin yardım paketi və İndoneziyanın 8 minlik sülhməramlı kontingentinin təsdiqlənməsi bu qurumun BMTdən fərqli olaraq sözdən əmələ keçmək qabiliyyətini nümayiş etdirir.

Dünya mediasının diqqəti hazırda Vaşinqtonda toplaşacaq liderlərə və elan ediləcək rəqəmlərə yönəlib. Amma pərdəarxası məqamlar daha böyük geosiyasi oyunlardan xəbər verir. Trampın sülh modelinin əsas özəlliyi onun səhmdar cəmiyyəti prinsipi ilə işləməsidir. Dünya liderləri şurada iştirak edir və çoxlu pul yatırırlar – fikri yeni diplomatiyanın düsturudur. Məlumata görə, Sülh Şurasında daimi üzvlük statusu qazanmaq üçün tələb olunan 1 milyard dollarlıq ianə və ya buna ekvivalent hərbi-humanitar töhfə dövlətləri real güc nümayişinə məcbur edir. Bu yanaşma beynəlxalq münasibətlərdə populizmin sonunu gətirir və konkret resurslara əsaslanan realpolitika dövrünü başladır. Azərbaycanın bu prosesdəki rolu məhz burada önə çıxır. Yanvarın 22-də Davosda Dünya İqtisadi Forumu çərçivəsində Sülh Şurasının nizamnaməsinin imzalanması mərasimində iştirak edən dövlətlər arasında Azərbaycanın olması təsadüfi deyil.

Qəzza zolağının bərpası prosesi Sülh Şurası üçün ilk sınaq meydanıdır. BMT-nin hesablamalarına görə, Qəzzada dağıntıların miqyası 50 milyon tondan artıq qalıqla ölçülür və bərpa üçün 70 milyard dollara yaxın vəsait lazımdır. Lakin illərdir davam edən müzakirələr və qətnamələr real nəticə verməyib. Trampın təşəbbüsü isə konkret vəsaitlərin toplanması və idarəetmə mexanizminin qurulmasını təmin edir. Qəzzanın İdarəçiliyi üzrə Texnokrat Milli Komitənin yaradılması və onun Sülh Şurasına tabe olması regionda idarəçiliyin siyasi qruplaşmalardan alınaraq peşəkar menecerlərə verilməsini nəzərdə tutur. Bu model uğur qazanarsa, gələcəkdə Ukrayna, Sudan və Yəmən kimi münaqişə ocaqlarında da tətbiq ediləcək.

Avropa İttifaqı daxilində Sülh Şurasına münasibətdə yaşanan çatlamalar yeni dünya nizamının çətinliklərini əks etdirir. İtaliyanın Macarıstan və Bolqarıstan kimi ölkələrin təşəbbüsə qoşulması, Avstriya və Belçika kimi ənənəvi avropalıların kənarda qalması Qərbin vahid blok kimi çıxış etmək qabiliyyətini itirdiyini göstərir. Bu isə Azərbaycan kimi müstəqil xarici siyasət yürüdən ölkələr üçün manevr imkanlarını genişləndirir. Rəsmi Bakı Sülh Şurasında yer almaqla öz milli maraqlarını qlobal səviyyədə müdafiə etmək üçün yeni platforma qazanır. Qoşulmama Hərəkatına sədrliyi dövründə qlobal Cənubun səsi olan Azərbaycan indi də yeni təhlükəsizlik arxitekturasının formalaşmasında aktiv iştirak edir.

* * *

Azərbaycanın xarici siyasətində bu yeni platformaya inteqrasiya xüsusi yer tutur. Prezident İlham Əliyev hər zaman beynəlxalq hüququn aliliyini və ikili standartların yolverilməzliyini vurğulayıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməməsi və dövlətimizin ərazi bütövlüyünü öz gücünə bərpa etməsi təcrübəsi rəsmi Bakının beynəlxalq təşkilatlara yanaşmasını formalaşdırıb. Azərbaycan üçün Sülh Şurası real nəticələr verən mexanizmdir. Bu platforma vasitəsilə Azərbaycan Ermənistanla sülh prosesində öz mövqelərini möhkəmləndirmək imkanı qazanır. Əgər Sülh Şurası qlobal münaqişələrin həllində əsas arbitrə çevrilərsə, Cənubi Qafqazdakı proseslər bu qurumun diqqət mərkəzində ola bilər və burada Azərbaycanın təsisçi üzvlərdən biri kimi söz haqqı həlledici olacaq.

Fevralın 19-dan sonra dünyada baş verəcək prosesləri ehtimal edərkən bir neçə istiqaməti xüsusi qeyd etmək lazımdır. İlk növbədə, BMT-nin tədricən marginallaşması prosesi sürətlənəcək. Maliyyə axınlarının Sülh Şurasına yönəlməsi BMT agentliklərinin büdcə böhranı ilə üzləşməsinə səbəb ola bilər. İkincisi, ABŞ-ın qlobal liderliyi bərpa olunacaq, lakin bu dəfə fərqli formatda. Tramp Amerikanın polis rolunu oynadığı dünyadan baş direktor olduğu dünyaya keçid edir. Üçüncüsü, regional güclərin rolu artacaq. Sülh Şurasında iştirak edən Türkiyə, Səudiyyə Ərəbistanı, İndoneziya və Azərbaycan kimi ölkələr öz regionlarında sabitliyin təminatçısı qismində çıxış edəcəklər.

Beynəlxalq ekspertlər Sülh Şurasını XXI əsrin Müqəddəs İttifaqı adlandırırlar. Necə ki, 1815-ci ildə Vyana Konqresi Avropada yeni nizam yaratmışdı, bu gün də Vaşinqton görüşü qlobal miqyasda yeni oyun qaydalarını müəyyən edir. Bu qaydalar sadədir: sülh bahalı nemətdir və onun qorunması üçün hamı haqqını ödəmlidir. Artıq heç bir dövlət kənarda durub başqalarının hesabına təhlükəsizlikdən yararlana bilməyəcək. Bu yanaşma ədalətlidirmi? sualı mübahisə doğura bilər lakin onun işlək olduğu danılmazdır.

Sülh Şurasının Qəzzadan sonrakı hədəfləri arasında qlobal miqrasiya böhranının həlli, iqlim dəyişikliyi ilə mübarizədə daha praqmatik yanaşmaların tətbiqi və beynəlxalq terrorizmə qarşı vahid cəbhənin yaradılması yer alır. Bütün bu məsələlər illərdir BMT müstəvisində müzakirə olunsa da, real həllini tapmayıb. Sülh Şurası bürokratik prosedurları kənara qoyaraq birbaşa nəticəyə fokuslanacaq. Məsələn, miqrasiya probleminin həlli üçün miqrantların gəldiyi ölkələrdə iqtisadi layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da problemin kökünü aradan qaldırmağa yönəlib.

Fevralın 19-da Vaşinqtonda baş tutacaq tarixi toplantı yeni dünyanın doğum günüdür. Azərbaycanın bu prosesin mərkəzində olması ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir. Qəzza xarabalıqları üzərində qurulacaq yeni nizam bütün dünya üçün ümid işığıdır. Trampın Sülh Şurası ənənəvi diplomatiyanın iflasa uğradığı bir vaxtda yeganə alternativ kimi görünür. Və bu alternativin uğurlu olması üçün Azərbaycan da daxil olmaqla bütün tərəfdaş ölkələr öz töhfəsini verməyə hazırdır. Sülh Şurasının “bütün dünyada sülh olacaq” vədi iddialı səslənsə də tarix sübut edib ki, böyük dəyişikliklər məhz cəsarətli addımlarla başlayır.

Yusif ŞƏRİFZADƏXQ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
37
1
xalqqazeti.az

2Mənbələr