Müəllif: Tamara Mustafayeva, Banco.az
“Warner Bros.” şirkəti son təklif üçün “Paramount” ilə yenidən danışıqlar aparacaq.
Banco.azxəbər verir ki, “Warner Bros. Discovery” şirkəti “Netflix” ilə imzalanmış birləşmə razılaşması çərçivəsində mövcud olan bəzi məhdudiyyətlər üzrə şirkətə müvəqqəti icazə verildiyini və bunun nəticəsində “Paramount Skydance” ilə danışıqlar aparılmasına şərait yaradıldığını açıqlayıb.
Bu çərçivədə 23 fevral tarixində başa çatacaq yeddi günlük müddət ərzində “Paramount Skydance” ilə əlaqə saxlanılaraq şirkətin ən yaxşı və yekun təklifinin dəqiqləşdirilməsinə imkan veriləcəyi bildirilib.
Şirkətin yaydığı açıqlamada qeyd olunub ki, “Netflix” ilə planlaşdırılan birləşmə ilə bağlı səsvermə 20 mart tarixində səhmdarların iştirakı ilə keçiriləcək iclasda baş tutacaq. Açıqlamada həmçinin vurğulanıb ki, “Netflix” birləşmə razılaşması çərçivəsində nəzərdə tutulan bəzi məhdudiyyətlər üzrə “Warner Bros.” şirkətinə müvəqqəti güzəşt təqdim edib və bu da 23 fevral tarixinədək “Paramount Skydance” ilə danışıqlar aparılmasına imkan yaradır.
Bildirilib ki, sözügedən təmasların məqsədi “Warner Bros.” səhmdarları üçün prosesə aydınlıq gətirmək və “Paramount Skydance” tərəfindən ən yaxşı və yekun təklifin təqdim olunmasını təmin etməkdir. Bu müddət ərzində tərəflər arasında hələ də həllini tapmamış məsələlərin müzakirə ediləcəyi və “Paramount Skydance”in təklifində yer alan bəzi şərtlərin dəqiqləşdiriləcəyi qeyd olunub.
Açıqlamada “Netflix”in təklifin uyğunlaşdırılması hüququnu özündə saxladığı vurğulanıb. Eyni zamanda, “Warner Bros.” İdarə Heyətinin “Netflix” ilə birləşmə istiqamətində yekdil şəkildə qəbul etdiyi tövsiyə qərarını qüvvədə saxladığı bildirilib.
Bizi sosial şəbəkələrdən izləyin!!