AZ

Qalmaqallı liman satıldı: Əliyev qardaşlarının strateji məkanı əllərindən çıxdı

Dunay çayı üzərində yerləşən Giurgiuleşti Beynəlxalq Azad Limanı ilə bağlı uzun illərdir davam edən mübahisəli proses başa çatmaq üzrədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı limanın operatoru olan Danube Logistics şirkətinin səhmlərinin Rumıniyaya məxsus Konstansa Limanı tərəfindən alınmasına hazırlıq görüldüyünü açıqlayıb. Bankın yaydığı məlumata görə, satış müqaviləsinin yaxın vaxtlarda yekunlaşması gözlənilir.
Əliyev qardaşlarının limanı necə əldən çıxdı?
Giurgiuleşti limanı əvvəllər Azərbaycanın sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev və onun qardaşı, “Azpetrol”un keçmiş rəhbəri Rafiq Əliyevə məxsus olub.

2000-ci illərin ortalarında onların həbsi fonunda Moldovadakı aktivlər etibarlı şəxs kimi təqdim olunan Almaniya vətəndaşı Tomas Moserin idarəsinə verildi. Lakin 2011-ci ildə Moser limanı simvolik məbləğə — cəmi 344 dollara öz adına rəsmiləşdirərək faktiki nəzarəti ələ keçirdi.

Daha sonra, 2021-ci ildə liman operatoru Danube Logistics Avropa Yenidənqurma və İnkişaf Bankına satıldı. Əliyev qardaşları azadlığa çıxdıqdan sonra məhkəmə yolu ilə aktivi geri qaytarmağa çalışsalar da, buna nail ola bilmədilər.

Müqavilə imzalandı

Danube Logistics-in səhmlərinin Konstansa limanına satışı barədə razılaşma 31 dekabr 2025-ci ildə imzalanıb. Rumıniya tərəfi 12 fevral 2026-cı ildə bu payı əldə etməyə hazır olduğunu rəsmi şəkildə təsdiqləyib.

Yeni operator Giurgiuleşti limanına uzunmüddətli investisiyalar yatırmağı planlaşdırır. Məqsəd limanın infrastrukturunu modernləşdirmək, tutumunu artırmaq və onu Qara dəniz–Dunay regionunda daha güclü logistika mərkəzinə çevirməkdir.

Tender və siyasi seçim

Limanın satışı üzrə tender 2025-ci ilin iyulunda başa çatıb. Əsas namizədlərdən biri Türkiyənin Yıldırım Holding şirkəti olsa da, Moldova hakimiyyəti daha az sərfəli şərtlərə baxmayaraq Rumıniya tərəfini seçib.
Bu qərar hüquqi mübahisələrə səbəb olub və proses bir müddət məhkəmələrdə ləngiyib. Lakin ötən ilin sonunda mübahisə həll edilib və sövdələşmə yekun mərhələyə çatdırılıb.

Məhkəmə çəkişməsi nəticə vermədi

2013-cü ildə azadlığa çıxdıqdan sonra Rafiq Əliyev Moldovaya qayıdaraq liman üzərində nəzarəti bərpa etməyə cəhd göstərib.
2018-ci ilin aprelində Kişinyov məhkəməsi Tomas Moser və Danube Logistics rəhbərliyini 106 milyon dollar təzminat ödəməyə məhkum etsə də, sonradan qərar dəyişdirildi. 2021-ci ilin fevralında Moldova Ali Məhkəməsi Əliyevin iddiasını rədd etdi və liman üzərində mövcud nəzarəti qüvvədə saxladı.

Beləliklə, 2004-cü ildə özəlləşdirmə yolu ilə əldə edilmiş strateji Giurgiuleşti limanı artıq Rumıniya dövlət şirkətinin nəzarətinə keçir və Əliyev qardaşları bu aktiv üzərindəki hüquqlarını faktiki olaraq itirmiş sayılırlar.haqqin.az

Seçilən
44
veteninfo.az

1Mənbələr