AZ

Aliment məbləği bu halda azaldıla bilər

Boşanma və ya valideynlərin ayrı yaşaması hallarında uşağın maddi təminatı ən həssas məsələlərdən biridir. Məhz bu səbəbdən aliment öhdəliyi qanunvericiliklə tənzimlənir. Lakin zaman keçdikcə tərəflərin maddi vəziyyətində, gəlir səviyyəsində və ya ailə şəraitində dəyişikliklər baş verə bilər. Bu isə alimentin məbləğinin əvvəlki kimi qalmasının nə dərəcədə ədalətli və uyğun olması məsələsini gündəmə gətirir. Bəs alimentin məbləği hansı hallarda azaldıla və ya artırıla bilər?Vəkil Fazil Namazlı Metbuat.az-a açıqlamasında bildirib ki, hər il Azərbaycanda sosial siyasətin əsas göstəricilərindən biri olan yaşayış minimumu dövlət tərəfindən qanunla müəyyən edilir. Bu qanun əhalinin müxtəlif sosial-demoqrafik qrupları üzrə minimum yaşayış səviyyəsini müəyyən edir və bəzi hallarda aliment məbləğinin qiymətləndirilməsində mühüm göstərici kimi çıxış edir. O qeyd edib ki, 2026-cı il üçün yaşayış minimumu haqqında qanuna görə, yaşayış minimumu ölkə üzrə 300 manat, əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən edilib. Keçən il uşaqlar üçün bu məbləğ 245 manat olub: “Məhkəmələr aliment təyin edərkən uşağın normal inkişafı üçün zəruri xərcləri, valideynlərin gəlir səviyyəsini və cəmiyyət üzrə minimal sosial standartları nəzərə alır. Aliment məbləği müəyyən edildikdən sonra məhkəmə tərəfindən bu məbləğ azaldıla və ya artırıla bilər”. F.Namazlının sözlərinə görə, alimentin məbləğinin azaldılması onu ödəyən şəxsin maddi vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi hallarında mümkün hesab olunur: “Belə ki, gəlirin ciddi şəkildə azalması və ya işsiz qalma, ciddi sağlamlıq problemlərinin yaranması, yeni ailə qurulması və əlavə ailə üzvlərini saxlamaq öhdəliyinin meydana çıxması, həmçinin digər azyaşlı uşaqların olması nəticəsində maliyyə yükünün artması alimentin azaldılması üçün əsas kimi qiymətləndirilə bilər. Alimentin artırılması isə uşağın yaş artdıqca ehtiyaclarının çoxalması, təhsil, müalicə və ya xüsusi inkişaf xərclərinin yaranması, aliment alan tərəfin maddi vəziyyətinin pisləşməsi, eləcə də aliment ödəyən şəxsin gəlirlərinin nəzərəçarpacaq dərəcədə artması hallarında gündəmə gələ bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
109
metbuat.az

1Mənbələr