ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin Konqresdə səsverməyə çıxarılması gecikdirilir. Bu prosesin əsas səbəbi kimi Prezident Donald Trampın mövqeyi göstərilir.
Bu barədə Semafor nəşri layihənin müəlliflərindən biri olan senator Richard Blumenthala istinadən məlumat yayıb. Onun sözlərinə görə, hazırda sanksiya paketinin irəliləməsinə mane olan “yeganə əsas faktor” məhz Trampdır.
KONKRET.az xəbər verir ki, Blumental bildirib ki, Prezident administrasiyası sənədin gündəliyə çıxarılmasını yubadır və bu da Konqresdə prosesin ləngiməsinə səbəb olur. Senatorun fikrincə, mövcud geosiyasi şəraitdə Rusiyaya qarşı daha sərt tədbirlərin görülməsi zəruridir.
Qanun layihəsi demokrat senator Riçard Blumental və respublikaçı senator Lindsey Graham tərəfindən birgə hazırlanıb. Sənəddə Rusiyanın enerji sektoruna qarşı ikinci dərəcəli sanksiyaların tətbiqi nəzərdə tutulur.
Layihəyə əsasən, Rusiya nefti və qazını alan ölkələrdən idxal olunan mallara əlavə rüsumlar tətbiq edilə bilər. Bu tədbirlər Moskvanın enerji gəlirlərini azaltmaq və üçüncü ölkələrin Rusiya ilə əməkdaşlığını məhdudlaşdırmaq məqsədi daşıyır.
Mütəxəssislərin fikrincə, sənəd qəbul olunarsa, bu, yalnız Rusiya iqtisadiyyatına deyil, həm də onunla enerji sahəsində əməkdaşlıq edən bir sıra ölkələrə ciddi təsir göstərə bilər. Lakin hazırda Trampın mövqeyi səbəbindən qanun layihəsinin taleyi qeyri-müəyyən olaraq qalır.
Natiq Səlim,
KONKRET.az