AZ

Bazara PUA hücumu: Ölən və yaralananlar var

Sudanın mərkəzi hissəsində yerləşən Kordofan bölgəsində bir bazara pilotsuz uçuş aparatlarından (PUA) atılan raketlər düşüb. 

Hücum nəticəsində azı 28 nəfər həyatını itirib, onlarla insan isə yaralanıb. "Cebheinfo.az" xəbər verir ki, mülki şəxslərə qarşı zorakılıq hallarını izləyən və sənədləşdirən "Emergency Lawyers" (Fövqəladə Vəkillər) qrupu bazar ertəsi yaydığı açıqlamada PUA-ların Şimali Kordofan əyalətinin Sodari qəsəbəsində yerləşən əl-Safiya bazarını bombaladığını bildirib. 

Qrup qeyd edib ki, hücum bazarın insanlarla dolu olduğu bir vaxtda baş verib və bu, insani faciəni daha da dərinləşdirib. Ölənlərin sayının artacağı istisna edilmir: 

“Hücum qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla bazarın mülki şəxslərlə dolu olduğu bir anda həyata keçirilib”. 

Bəyanatda, həmçinin bildirilir: “Yaşayış məntəqələrini hədəf almaq məqsədilə PUA-lardan təkrar-təkrar istifadə edilməsi mülki həyatın ciddi şəkildə nəzərə alınmadığını göstərir və əyalətdə gündəlik həyatdan qalan nə varsa, onu da təhdid edən təhlükəli eskalasiyaya işarə edir. Buna görə də münaqişənin hər iki tərəfini PUA hücumlarını dərhal dayandırmağa çağırırıq”. 

Sözügedən bölgə Sudan ordusu ilə paramilitar "Rapid Support Forces" (RSF) arasında üç ildir davam edən müharibənin ən şiddətli cəbhə xəttini təşkil edir. Səhrə ticarət yollarının kəsişməsində yerləşən uzaq Sodari qəsəbəsi RSF-nin aylardır mühasirəyə almağa çalışdığı Şimali Kordofan paytaxtı əl-Ubeyddən 230 km şimal-qərbdə yerləşir. 

Kordofan bölgəsi ölkənin həyati əhəmiyyət daşıyan şərq-qərb dəhlizi üzərində yerləşdiyi üçün tərəflər arasında nəzarət uğrunda ağır döyüşlər gedir. Bu dəhliz qərbdə RSF-nin nəzarətində olan Darfur bölgəsini əl-Ubeyd vasitəsilə ordunun nəzarətindəki paytaxt Xartuma və ölkənin digər hissələrinə bağlayır. 

Keçən il Darfurda mövqelərini möhkəmləndirən RSF Sudanın mərkəzi dəhlizini ələ keçirmək məqsədilə neft və qızıl ehtiyatları ilə zəngin Kordofan üzərindən şərqə doğru irəliləməsini davam etdirir. “Emergency Lawyers” qrupu “X” platformasında yaydığı açıqlamada bazarı hədəf alan PUA-ların orduya məxsus olduğunu iddia edib. 

Adlarının açıqlanmaması şərtilə “Associated Press” (AP) agentliyinə danışan iki hərbi rəsmi isə ordunun mülki infrastrukturu hədəf almadığını bildirərək ittihamları rədd edib. 

Seçilən
2
1
cebheinfo.az

2Mənbələr