"İlk növbədə onu qeyd etmək lazımdır ki, Orta Şərq regionunun taleyi və gələcək təhlükəsizlik arxitekturası ABŞ–İran münasibətlərinin dinamikasından asılı vəziyyətə düşüb. Vaşinqton və Tehran arasında nüvə proqramı ətrafında aparılan danışıqların ilk mərhələsinin başa çatması formal diplomatik irəliləyiş kimi qiymətləndirilsə də, prosesin yekun razılaşma ilə nəticələnəcəyi hələlik real görünmür. Çünki tərəflərin strateji mövqeləri arasında fundamental ziddiyyətlər hələ də qalmaqdadır. Məlum olduğu kimi, 2015-ci ildə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın nüvə fəaliyyətinə müəyyən məhdudiyyətlər tətbiq etməklə yanaşı, sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin 2018-ci ildə ABŞ Prezidenti Donald Trampın sazişdən birtərəfli qaydada çıxması və sanksiyaların bərpası regionda yeni qeyri-müəyyənlik mərhələsinin əsasını qoydu. Bu qərar, eyni zamanda, tərəflər arasında etimad mühitinə ciddi zərbə vurdu".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Qeyd edək ki, Yaxın Şərq regionunun taleyi ABŞ–İran münasibətləri fonunda geosiyasi risklər müstəvisinə keçib. Tərəflər arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqların ilk mərhələsi başa çatsa da, bu proses hələlik konkret razılaşma perspektivi formalaşdırmayıb. Bunun əsas səbəbi ABŞ administrasiyasının Tehrandan nüvə proqramının tam dayandırılmasını israrla tələb etməsidir. Rəsmi Tehran isə uranın dinc məqsədlərlə zənginləşdirilməsini ölkənin suveren və qanuni hüququ kimi dəyərləndirir. Bununla belə, bu gün Cenevrədə ABŞ və İran arasında nüvə proqramı üzrə danışıqların ikinci raundunun keçirilməsi mümkün razılaşma ilə bağlı nikbin gözləntiləri müəyyən dərəcədə artırıb.
Siyasi şərhçi qeyd edib ki, hazırkı mərhələdə rəsmi Vaşinqtonun rəsmi Tehrandan nüvə proqramının tam dayandırılmasını tələb edən maksimalist mövqeyi siyasi baxımdan sərt, eyni zamanda praktiki baxımdan çətin icraolunan yanaşma kimi qiymətləndirilir.