AZ

Milli Aviasiya Akademiyasında "Ansys" proqramı ilə rəqəmsal modelləşdirmə genişlənir

Simulyasiya mühəndisliyi enerjiyə, vaxta və xərclərə qənaət etməklə yanaşı, təhlükəsizliyin artırılmasına da mühüm töhfə verir.

"Far.Az" xəbər verir ki, bunu Milli Aviasiya Akademiyasının müəllimi Səxavət Əmirbəyli Bakıda keçirilən "Ansys: Azərbaycanda Rəqəmsal Mühəndislik və İnnovasiya həlləri" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyalar sistemlərin layihələndirilməsi, sınaqdan keçirilməsi və təkmilləşdirilməsi yanaşmalarını köklü şəkildə dəyişib: "Son onillikdə mühəndislər əsasən çoxsaylı fiziki sınaqlara üstünlük verirdilər. Bu gün isə simulyasiya mühəndisliyi əsasında müasir inkişaf proqramlarından istifadə olunur. Rəqəmsal mühəndislik və modelləşdirmə həm sənaye həllərində, həm də təhsil prosesində mühüm yer tutur".

S.Əmirbəyli qeyd edib ki, Milli Aviasiya Akademiyasında tədris prosesində mütəmadi olaraq "Ansys" proqram təminatından və onun alətlər dəstindən istifadə edilir və bu yanaşma davam etdiriləcək: "Bu proqram vasitəsilə tələbələr rəqəmsal, elektron, mexaniki və hidravlik sistemləri modelləşdirə bilirlər. Onlar konstruksiyaları, hava axınlarını, dinamik hərəkətləri, eləcə də təyyarə sensorlarının məlumatları əsasında temperatur kimi prosesləri təhlil edir, fiziki prosesləri daha dərindən öyrənirlər".

O əlavə edib ki, proqram təminatı tələbələrə geniş imkanlarla yanaşı, praktiki təcrübə qazandırır: "Bu alətlər problem həll etmə bacarıqlarının inkişafına kömək edir. Eyni zamanda, təyyarə səthlərində və digər zonalarda yerləşən elektron qurğular sahəsində yeni texnologiyalara daha hazır və inamlı yanaşmağa şərait yaradır. Aviasiya və hava nəqliyyatı sektorunda bu proqram mühərrikin idarə olunması, uçuşun idarə edilməsi, mexaniki sistemlər, struktur bütövlüyü və təhlükəsizlik nəzarəti sistemlərinin modelləşdirilməsində geniş tətbiq oluna bilər".

Seçilən
31
far.az

1Mənbələr