AZ

“Favorit Nyukasl görünsə də, Qarabağ ın qalib gəlmək şansı yüksəkdir” PROQNOZ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Sabah UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” Bakıda “Nyukasl” ilə qarşılaşacaq.

Oyunla bağlı gözləntilərini Redaktor.az-la bölüşən AFFA-nın Məşqçilərin maarifləndirmə şöbəsinin müdiri Aslan Kərimov bildirdi ki, “Qarabağ” tarixində ilk dəfə Çempionlar Liqasının pley-off mərhələsində iştirak edir:

"Rəqibimiz İngiltərə Premyer Liqasının təmsilçisi “Nyukasl”dır. Güc balansına baxdıqda, favorit açıq-aşkar “Nyukasl” görünür. Amma bu il “Qarabağ” Çempionlar Liqasında bir çox dəfə bizi təəccübləndirdi. Kağız üzərində favorit olan komandalarla oyunlarda xal qazanmağı, bəzən isə qələbə əldə etməyi bacardılar. Artıq “Qarabağ” bu çempionatda autsayder kimi qiymətləndirilmir. Bu baxımdan, Bakıdakı ilk oyunda “Qarabağ”ın xal qazanmaq, hətta oyunu heç-heçə ilə başa vurmaq ehtimalı yüksəkdir. Qalib gəlib-gələ bilməyəcəyimiz isə hər şeydən asılıdır. Bu səviyyədə istənilən komanda qalib gələ bilər. “Qarabağ” artıq Çempionlar Liqasında “Çelsi”, “Ayntraxt”, “Benfika” kimi komandalarla oyunlar keçirdib və favorit olmadıqları qarşılaşmalarda da qələbə qazanmağı bacarıblar. Bu, təsadüf deyil – mütəmadi hücumlar qurulur, müdafiədə isə rəqibin imkanları da nəzərə alınır. “Nyukasl”ın heyətində Volter Meyt kimi uzunboylu hücumçu var (boyu 1.92–1.93 m), Almaniya milli komandasının üzvüdür. Onun və digər keyfiyyətli oyunçuların yaratdığı hücumlara qarşı mübarizə asan olmayacaq. Bununla belə, “Qarabağ” Bakıdakı oyunda qol imkanları da yaradacaq".

Müsahibimizin fikrincə, “Nyukasl” uzun yolçuluqdan sonra Bakıya gəlir ki, bu da bir az yorğunluq yarada bilər.

"Digər tərəfdən, “Qarabağ”ın ardıcıl oyun keçirməsi fiziki baxımdan yorğunluq yarada bilər. Baş məşqçinin sözlərinə görə, oyunçuların tam hazır olacağına çox ümid yoxdur. Amma komandamızın üstünlükləri də var – cinah oyunçularımız hücuma dəstək verə bilir və qol imkanları yarada bilirlər. Bununla belə, keçid oyunlarında diqqətli olmaq lazımdır, çünki top itkisi zamanı rəqiblər sürətli hücumlarla qol şansı əldə edə bilərlər. Nəticədə, favorit “Nyukasl” olsa da, “Qarabağ”ın heç-heçə və ya bir top fərqi ilə qalib gəlmək şansı yüksəkdir. Oyunun nəticəsini isə hələ gözləmək lazımdır", - deyə A.Kərimov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
44
1
redaktor.az

2Mənbələr