17 fevral 2026-cı il tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) və Avropa Şurasının Kibercinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə "CyberEast+" birgə layihəsi çərçivəsində Kibercinayətkarlıq və elektron sübutlar üzrə vəkillər üçün HELP təlim kursuna start verilib.
Təlim kursunun ilk günündə açılış nitqi ilə çıxış edən Avropa Şurası Azərbaycan nümayəndəliyinin nümayəndəsi Ana Vlad iştirakçıları təlim kursunun vəkillərin praktiki fəaliyyətindəki rolundan danışıb və Avropa Şurası ilə Vəkillər Kollegiyası arasında əməkdaşlığın beynəlxalq təcrübənin paylaşılması baxımından olduqca müsbət və səmərəli olduğunu qeyd edib.
Çıxış edən Kollegiyanın Tədris Mərkəzinin direktoru Əmir Əliyev iştirakçıları VK Rəyasət Heyətinin sədri Anar Bağırovun adından salamlayıb və təlim kursunun işinə müvəffəqiyyətlər arzu edib.
Qeyd olunub ki, təlim kursunun mövzusu müasir dövrdə vəkillərin praktiki fəaliyyətində xüsusi aktuallıq daşıyır və kibercinayətkarlıqla bağlı işlərin artması şəraitində peşəkar biliklərin davamlı təkmilləşdirilməsi zəruridir. Bildirilib ki, elektron sübutların toplanması, təqdim edilməsi və qiymətləndirilməsi insan hüquqlarının qorunması və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq standartların, o cümlədən Budapeşt Konvensiyasının müddəalarının düzgün tətbiqi müdafiə strategiyasının effektivliyini artırır.
Əsas məqsədi Azərbaycan Respublikasında cinayət işləri sahəsində fəaliyyət göstərən vəkillərin kibercinayətkarlıq və elektron sübutlarla bağlı bilik və bacarıqlarının artırılması, xüsusilə Budapeşt Konvensiyasının maddi və prosessual müddəalarının tətbiqi, insan hüquqlarının qorunması və ədalətli məhkəmə araşdırmasının təmin edilməsi sahəsində potensialın gücləndirilməsi olan 3 günlük təlim kursu 17-19 fevral tarixlərində keçiriləcəkdir.
Təlim kursu müddətində VK-nın 35 üzvü iştirak edəcəkdir.
