AZ

Bankdan kredit götürənlər və zamin duranlar mütləq oxusun: Bu halda problemlə üzləşəcəksiz

Kredit müqavilələrinin yenilənməsi zamanı zaminlərin hüquqi statusunun necə dəyişməsi və onların məsuliyyətinin davam edib-etməməsi vətəndaşları ən çox maraqlandıran məsələlərdən biridir. Xüsusilə kredit müddəti və ya faiz şərtləri dəyişdirildikdə zaminliyin qüvvədə qalıb-qalmaması ilə bağlı suallar yaranır.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu məsələ kredit müqaviləsində edilən dəyişikliklərin zaminə təsirindən asılıdır.

Əkrəm

“Qanunvericiliyə əsasən kreditin şərtləri dəyişdirildikdə və bu dəyişiklik zaminin vəziyyətini ağırlaşdırırsa, onun razılığı mütləq tələb olunur. Zamin razılıq vermədiyi halda isə zaminliyə xitam verilir. Məsələn, vətəndaş 3 illik kredit götürüb və başqa şəxs ona zamin durub. Sonradan borclu bankla razılaşaraq kredit müddətini 5 ilə uzadarsa, bu artıq zaminin üzərinə düşən məsuliyyəti artırır. Çünki zamin əvvəl 3 il üçün öhdəlik götürmüşdü, müddətin uzadılması isə onun zərərinə hesab olunur və bu halda zaminlik qüvvədən düşə bilər.

Lakin kredit şərtlərində edilən dəyişiklik zaminin xeyrinədirsə, vəziyyət fərqli olur. Məsələn, kreditin müddəti dəyişmədən faiz dərəcəsi azaldılarsa, borclunun ödəyəcəyi məbləğ də aşağı düşür. Bu isə zamin üçün əlavə risk yaratmadığından zaminlik əvvəlki kimi qüvvədə qalır”

Ekspert vurğulayıb ki, kredit yenilənərkən zaminlər müqavilə dəyişikliklərini diqqətlə yoxlamalı və onların hüquqlarına necə təsir etdiyini nəzərə almalıdırlar.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
56
1
konkret.az

2Mənbələr