AZ

Elman Nəsirov: “Satqınların taleyi bütün ölkələrdə necə olubsa, Azərbaycanda da elə olacaq”

Son dövrlər xaricdən maliyyələşdirilən və təlimatlandırılan bəzi qrupların Azərbaycana qarşı sistemli kampaniya apardığı müşahidə olunur. 

Anti-Azərbaycan mövqeyi ilə seçilən bu şəbəkələrin əsas məqsədi ölkənin beynəlxalq imicinə zərbə vurmaq, ictimai rəyə təsir göstərmək və daxili sabitliklə bağlı manipulyativ mühit formalaşdırmaqdır. 

Bu cür fəaliyyət artıq fərdi mövqe deyil, koordinasiyalı informasiya hücumu xarakteri daşıyır və xarici dairələr tərəfindən maliyyələşdirilən “trol şəbəkələri”nin fəaliyyəti informasiya təhlükəsizliyinə təhdiddir. 

Milli Məclisin deputatı Elman Nəsirov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, anti-Azərbaycan fəaliyyəti göstərən, dövlətçiliyə və xalqa qarşı çirkab yayan, yalan və böhtan ifraz edən, hakimiyyətə qarşı hər cür çirkli oyunların iştirakçısı olan, özünü bloqer kimi təqdim edən, əslində isə satqınlıq yolunu seçmiş şəxslərin fəaliyyəti intensivləşib. Deputat qeyd edib ki, onlar xaricdən maliyyələşir və təlimatlanırlar: 

“Əslində bu, təşkilatlanmış bir şəbəkədir. Təbii olaraq sual yaranır ki, məqsəd nədir? Onlar soyadları Azərbaycana bağlı olsa da, etnik baxımdan azərbaycanlı olsalar da, mahiyyət etibarilə ölkəmizə və xalqımıza heç bir aidiyyəti yoxdur. Çünki onlar məzmunca ermənidən çox ermənidirlər və anti-Azərbaycan dairələrinin əlində alətdirlər. 

Məqsədləri odur ki, Azərbaycanda cəmiyyətin səfərbərliyinə, vətəndaş həmrəyliyinə və xalq-hakimiyyət birliyinə zərər vursun, müəyyən fəsadlar törətsinlər. Onlar istəyirlər ki, xalqın birliyi pozulsun və hakimiyyət ilə xalq arasındakı ülvi bağlılığa zərər versinlər”. 

Elman Nəsirov əlavə edib ki, əslində çox savadsız, mənəviyyatsız və insanlıqdan uzaq olan bu şəxslər ilk növbədə söyüş kampaniyası həyata keçirirlər: 

“Onlar söyüş bloqeri kimi tanınıblar. İndiki halda isə müasir kibertexnologiyanın və süni intellektin yaratdığı əlavə imkanlarından istifadə edərək gecə-gündüz dövlət və dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərirlər. 

Artıq demək olar ki, bu şəxslərin hamısının əleyhinə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq bəndləri üzrə cinayət işi açılıb və onlar axtarışdadır. İnanırıq ki, gec-tez onlar həbs ediləcək və Azərbaycanda qanun qarşısında cavab verəcəklər”. 

Onun sözlərinə görə, onların bu cəhdləri uğursuzdur: “Əslində, mən onları heç Azərbaycan xalqına qarşı hərbi cinayətlər törətmiş erməni mənşəli hərbi canilərdən fərqləndirmək istəməzdim. Onların fəaliyyətlərini müqayisə etsək, hər ikisində terrorçuluq elementləri ön plandadır. 

Bunlar daha çox mənəvi terrora üstünlük verirlər və çalışırlar ki, Azərbaycan dövlətini daxildən zəiflətsinlər. Lakin bu mümkün deyil. Mümkün olan isə yaxın perspektivdə bu şəxslərin Bakıya gətirilərək hüquq müstəvisində cəzalarını almasıdır. Biz buna inanırıq və bu mütləq olacaq. 

Cinayətkar cəzasız qala bilməz. Bu gün onlar “siyasi yalquzaq” həyatı yaşayırlar. Azərbaycan xalqının onlara münasibəti də bəllidir. 

Bu şəxslərə xalqımızın mövqeyi dəyişməzdir. Onlar vətənin düşmənləridir və satqınlardır. Satqınların taleyi bütün ölkələrdə necə olubsa, Azərbaycanda da elə olacaq. Onlar hüquq müstəvisində ən ağır cəzalarını alacaqlar”. 

Seçilən
45
1
cebheinfo.az

2Mənbələr