AZ

Günəş partlayışları və insan davranışı Kosmik ritmlərlə dəyişən psixologiya?

Bizimyol portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Fevralın 16-da alimlər Günəş səthində güclü partlayış qeydə aldı. Bu xəbər adətən texnologiya, peyklər və rabitə sistemləri ilə bağlı risklər kontekstində müzakirə olunur. Lakin daha az danışılan bir məsələdə var ki, günəş aktivliyinin artması insanların davranışına, psixologiyasına və ümumi ruh halına təsir edə bilərmi?

Tarix boyu Günəş yalnız istilik və işıq mənbəyi kimi deyil, həyat ritmlərini formalaşdıran əsas qüvvə kimi qəbul edilib. Günəş aktivliyindəki dəyişikliklər nəticəsində Yer kürəsinin maqnit sahəsində baş verən dalğalanmalar bəzi tədqiqatlara görə insanın sinir sistemi və psixoemosional vəziyyəti üzərində dolayı təsirlər yarada bilər.

Bəzi alimlər geomaqnit aktivliyin artdığı günlərdə insanların daha gərgin, əsəbi və yorğun hiss etdiklərini müşahidə etdiklərini bildirirlər. Hətta bəzi statistik araşdırmalar ürək-damar problemlərinin və yuxu pozuntularının maqnit qasırğalarının intensiv olduğu dövrlərdə artdığını göstərir. Bu nəticələr tam yekdil qəbul edilməsə də, insan bədəninin elektromaqnit mühitinə həssas bir sistem olduğu danılmaz faktdır.

Digər tərəfdən, bu mövzuda skeptik yanaşmalar da güclüdür. Bir çox tədqiqatçı hesab edir ki, Günəş aktivliyi ilə insan davranışı arasında birbaşa səbəb-nəticə əlaqəsi sübut olunmayıb. İnsanların ruh halına təsir edən əsas faktorlar sosial stress, həyat tərzi, yuxu keyfiyyəti və psixoloji mühitdir. Günəş partlayışları ilə bağlı xəbərlərin yayılması isə bəzən psixoloji gözlənti effekti yarada bilər. İnsanlar təsir gözlədikləri üçün özlərini fərqli hiss etdiklərini düşünə bilərlər.

Buna baxmayaraq, təbiətin ritmləri ilə insan davranışı arasındakı əlaqə mövzusu elm üçün hələ də açıq qalır. Biz fəsillərin dəyişməsinə qədər kosmik mexanizmlərin təsiri altında yaşayırıq. Günəş aktivliyinin bu böyük sistemdə hansı rolu oynadığını tam anlamaq üçün daha çox tədqiqata ehtiyac var.

Günəşdə baş verən partlayışlar bizə yalnız kosmik enerjinin gücünü deyil, həm də özümüzün kainatın ayrılmaz hissəsi olduğumuzu xatırladır.

Leyla Mirzə, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
bizimyol.info

1Mənbələr