AZ

Uşaqlarda IQ səviyyəsini nə aşağı salır? ARAŞDIRMA

ain.az, Redaktor.az portalına istinadən məlumat verir.

Alimlər erkən yaşlarda kolbasa, konfet, hazır əriştə və qazlı içkilərin tez-tez istehlakının uşaqlarda zəka göstəricilərinin aşağı olmasına səbəb ola biləcəyini müəyyən ediblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "British Journal of Nutrition" jurnalında dərc olunub.

Araşdırma İllinoys Universiteti və Pelotas Federal Universiteti alimləri tərəfindən aparılıb. Tədqiqatçılar iki yaşlı uşaqların qidalanma məlumatlarını toplayaraq onların altı-yeddi yaşında koqnitiv bacarıqlarını qiymətləndiriblər. Ayrı-ayrı məhsullar deyil, ümumi qidalanma modelləri təhlil edilib və iki əsas pəhriz növü müəyyənləşdirilib: paxlalılar, tərəvəzlər, meyvələr, uşaq qidaları və təbii şirələrdən ibarət “sağlam” pəhriz və sənaye üsulu ilə hazırlanmış qəlyanaltılar, şirniyyatlar, emal olunmuş ət məhsulları, qazlı içkilər və fastfuddan ibarət “sağlam olmayan” pəhriz.

Müəyyən olunub ki, sağlam olmayan qidalanmaya üstünlük verən uşaqlar IQ testlərində daha aşağı nəticələr göstəriblər. Bu əlaqə ana yaşı, təhsili və məşğulluğu, ailə strukturu, evdəki uşaqların sayı, ev mühitində stimullaşdırma səviyyəsi və ana südü ilə qidalanma müddəti kimi sosial amillər nəzərə alındıqdan sonra da qüvvədə qalıb.

Xüsusilə erkən yaşlarda çəki, boy və ya baş çevrəsi çatışmazlığı olan bioloji cəhətdən həssas uşaqlarda sağlam olmayan qidalanma ilə zəka göstəriciləri arasında daha güclü mənfi əlaqə müşahidə olunub. Eyni zamanda, sağlam pəhrizin daha yüksək IQ ilə birbaşa statistik əlaqəsi aşkar edilməyib.

Tədqiqatçılar vurğulayırlar ki, erkən yaşlarda düzgün qidalanma vərdişlərinin formalaşdırılması olduqca vacibdir. Çünki sağlam olmayan qidalanma uzunmüddətli perspektivdə uşaqların zehni inkişafına mənfi təsir göstərə bilər.

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
65
1
redaktor.az

2Mənbələr