AZ

"Vuçiçin Zirə pomidoruna diqqət yetirməsi Serbiyada Azərbaycan məhsullarına marağın olduğunu göstərir" - Deputat

"Mən əziz dostum İlham Əliyevdən çox şeyi öyrənirəm, nəinki bu gün, həmçinin digər vaxtlarda".

Bunu Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında deyib.

Serbiya liderinin fikirlərini Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Tural Gəncəliyev öncə bildirdi ki, İlham Əliyevin Serbiyaya rəsmi səfəri çox tarixi və müvəffəqiyyətli nəticələrlə yadda qaldı:

"Səfər zamanı mühüm bir bəyanat Serbiya Prezidenti Aleksandar Vuçiç tərəfindən səsləndirildi və xüsusilə iki ölkə arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında o qeyd etdi ki, “mən, əziz dostum cənab İlham Əliyevdən çox şey öyrənirəm. Nəinki bu gün, həmçinin digər vaxtlarda da”. Bu, o deməkdir ki, Serbiya Balkanlarda yerləşən önəmli bir ölkə olaraq, ərazi bütövlüyü və yerləşdiyi coğrafiya baxımından müxtəlif təhdid və risklərlə üzləşən bir dövlətdir, necə ki, Azərbaycan yaxın tarixində belə çətinliklərlə qarşılaşmışdı. Serbiya Prezidentinin bu bəyanatı məhz iki ölkə arasında təhlükəsizlik üzrə Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında səsləndirməsi onu göstərir ki, Azərbaycan lideri ilə geosiyasi və geoiqtisadi məsələlər müzakirə olunur, mürəkkəb və həssas regionda siyasətin necə yürüdülməsi ilə bağlı təcrübə mübadiləsi aparılır. Diplomatik dildən sadə ifadəyə keçsək, bu, Serbiya Prezidentinin Azərbaycan Prezidentini güclü lider kimi gördüyünü və ondan öyrəndiyini açıq şəkildə ifadə etməsi deməkdir. O, digər Avropa liderlərindən və ya Avropa İttifaqı rəhbərliyindən deyil, məhz Azərbaycan Prezidentindən danışır. Çünki Serbiya Avropa İttifaqının üzvü olmasa da, gələcəkdə bu qurumla daha sıx əməkdaşlıq etmək və inteqrasiya olunmaq niyyətində olan bir ölkədir. Buna baxmayaraq, o, Avropa İttifaqını deyil, məhz Azərbaycan Prezidentini vurğulayır. Ümumilikdə bu səfər tarixi xarakter daşıdı. İlk dəfə olaraq Strateji Tərəfdaşlıq Şurasının birinci iclası keçirildi. Bu isə Azərbaycan ilə Serbiyanın artıq strateji tərəfdaş olduğunu və münasibətlərin bundan sonra da yüksək səviyyədə davam edəcəyini göstərir".

Millət vəkili əlavə etdi ki, səfərdə əsasən siyasi və xarici siyasət əlaqələrinin koordinasiyası, iqtisadi layihələr, enerji məsələləri və enerji təhlükəsizliyi istiqamətində əməkdaşlıq müzakirə olundu.

"Əməkdaşlığın mühüm nəticələrindən biri Azərbaycanın dəstəyi ilə Serbiyanın Niş şəhərində təbii qaz stansiyasının tikintisi ilə bağlı qərar oldu. Niş stansiyasının ilkin gücü 500 meqavat olacaq. 2029-cu ildə fəaliyyətə başlaması planlaşdırılan bu stansiya Azərbaycandan ixrac olunacaq qazın dəstəyi ilə gələcəkdə daha da genişləndiriləcək. Azərbaycan artıq təbii qaz və elektrik stansiyalarının tikintisi sahəsində ciddi təcrübəyə malikdir və bu sahədə Serbiyaya dəstək verəcək. Qeyd edildiyi kimi, Azərbaycan son iki il ərzində 1890 meqavat gücündə qaz stansiyasını tikərək istifadəyə verib. Azərbaycanın bu dəstəyi Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə xidmət edəcək. Bundan başqa, qida təhlükəsizliyi, tikinti sektoru, iqtisadi əməkdaşlıq, mədəniyyət sahəsi üzrə 2026-2030-cu illəri əhatə edən əməkdaşlıq proqramı müəyyən edilib. Humanitar sahədə mühüm addımlardan biri isə Bakı ilə Belqrad arasında birbaşa uçuşların açılmasıdır ki, bu da turizm, biznes və insanlararası əlaqələrin inkişafına töhfə verəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev Mehriban Əliyeva ilə birlikdə Belqradın Taşmaydan Parkına səfər edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirə abidəsi önünə əklil qoyublar. Bu da iki ölkə arasında mədəni və tarixi əlaqələrin göstəricisidir".

Deputat bildirdi ki, Azərbaycan qazının idxalı Serbiyanın enerji təhlükəsizliyinin güclənməsinə və digər mənbələrdən asılılığın azalmasına töhfə verir.

"Rəqəmlərə nəzər salsaq, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 135 milyon dollar təşkil edib ki, bu da əvvəlki illərlə müqayisədə 55% artım deməkdir. 2012-ci illə müqayisədə isə ticarət dövriyyəsi 16 dəfə, yəni 1600% artıb. 2024-cü ildən etibarən Azərbaycanın Serbiyaya 190 milyon dollarlıq qaz ixrac etməsi də bu ölkənin enerji təhlükəsizliyinə mühüm töhfə olub. Bu çərçivədə Niş stansiyasına 600–650 milyon dollar həcmində investisiya yatırılması planlaşdırılır. Azərbaycandan gələcək qazın hesabına bu stansiya 350 meqavat elektrik enerjisi istehsal edəcək və regionun, eləcə də ümumilikdə Serbiyanın inkişafına töhfə verəcək. 2029-cu ildə stansiyanın tam funksional fəaliyyətə başlaması gözlənilir. Bu istiqamətdə Azərbaycanın SOCAR şirkətinin Serbiyanın qaz şirkəti ilə əməkdaşlığı xüsusi qeyd olunmalıdır. Eyni zamanda müdafiə və hərbi sahədə əməkdaşlıq da inkişaf etdirilir. Məlum olduğu kimi, Azərbaycan Serbiyadan yüksək texnoloji hərbi avadanlıqlar alır. Bakı ilə Belqrad arasında birbaşa uçuşların 2026-cı ilin may ayından etibarən başlaması planlaşdırılır. Bundan əlavə, kənd təsərrüfatı məhsulları sahəsində də əməkdaşlıq imkanları genişdir. Prezident Vuçiçin xüsusilə Zirə pomidoru və xiyar məhsullarına diqqət yetirməsi Serbiyada Azərbaycanın təbii məhsullarına böyük marağın olduğunu göstərir.

Azərbaycan həmçinin 2027-ci ildə Belqradda keçiriləcək sərgidə iştirakını təsdiqləyib ki, bu da mədəni, iqtisadi və ticarət əməkdaşlığının daha da genişlənməsinə şərait yaradacaq. Siyasi baxımdan isə ölkələrimiz hər zaman qarşılıqlı dəstək nümayiş etdiriblər. Azərbaycan Serbiyanın ərazi bütövlüyünü tanıyıb, Kosovonun Serbiyanın ayrılmaz hissəsi olduğunu bildirib. Serbiya da Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu dəfələrlə bəyan edib", - deyə T.Gəncəliyev yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Seçilən
151
2
redaktor.az

3Mənbələr