AZ

Ekspert: Azərbaycan ilə Serbiya arasında iqtisadi və ticarət əlaqələri sabit müsbət tendensiya göstərir

Bakı, 17 fevral, Pərvanə Qafarova, AZƏRTAC

Azərbaycan ilə Serbiya arasında iqtisadi və ticarət əlaqələri yüksəksəviyyəli siyasi dialoq və dövlətlərarası əməkdaşlıqdan irəli gələn sabit müsbət tendensiya göstərir.

Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat kafedrasının dosenti və iqtisadiyyat üzrə fəlsəfə doktoru Emin Qəribli bildirib.

Ekspertin sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi 2023-cü ildən bəri artım göstərib ki, bu da dövlət başçıları arasında münasibətlərin yüksək səviyyəsi və əlverişli institusional mühitin yaradılması ilə birbaşa bağlıdır, eyni zamanda, dövlətlərarası əməkdaşlığın uğurlu modelini nümayiş etdirir.

Agentliyin müsahibi əlavə edib: “Neft, neft məhsulları, kimyəvi maddələr və təbii qaz Azərbaycanın Serbiyaya ixracının əsas komponentləridir. Azərbaycan, öz növbəsində, Serbiyadan sənaye avadanlıqları və kənd təsərrüfatı məhsulları idxal edir. Ölkəmiz, həmçinin Serbiya və daha geniş şəkildə Şərqi Avropa ölkələri üçün enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. Serbiya potensial olaraq neft məhsulları, xam neft və qazın regional bazarlara tranziti və təkrar ixracı mərkəzinə çevrilə bilər”.

E. Qəribli sözlərinə davam edərək bildirib ki, beləliklə, əməkdaşlıq tədricən klassik ticarətdən davamlı istehsal zəncirlərinin formalaşmasına doğru dəyişir.

Müdafiə sənayesində sürətlə inkişaf edən əməkdaşlığa toxunan ekspert qeyd edib ki, hazırda tərəflər bu sahədə birgə istehsala doğru irəliləyir və bu, sənaye əməkdaşlığı, texnoloji mübadilə üçün geniş perspektivlər açır.

“Biz artıq sənaye əməkdaşlığı mərhələsindəyik. Gələcəkdə enerji sektoru da daxil olmaqla birgə layihələr vasitəsilə məhsulların Avropa İttifaqı bazarlarına ixracı mümkündür”, - deyə o vurğulayıb və əlavə edib ki, Aİ təkcə iqtisadi deyil, həm də ölkələrin institusional birliyini təmsil edir.

“Serbiya və digər regional dövlətlərlə tərəfdaşlıq Azərbaycan məhsullarının Avropa bazarlarına inteqrasiyasına əlavə imkanlar açır. Bu, xarici iqtisadi əlaqələrin şaxələndirilməsi üçün vacib strateji vektordur”, - deyə ekspert sözlərini yekunlaşdırıb.

Seçilən
88
42
azertag.az

10Mənbələr