AZ

Hüquqşünas Əliməmməd Nuriyev: “Diplomatik status yol hərəkəti qaydalarını pozmağa icazə vermir”

Bizimyol saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Səfirliyə məxsus avtomobil Bakının mərkəzi küçələrindən biri olan Cəfər Cabbarlı küçəsində velosiped və elektrik skuterlərinin təhlükəsiz hərəkəti üçün ayrılmış mikromobillik zolağında park edilib. Hadisə ilə bağlı görüntü sosial şəbəkələrdə paylaşılıb və müzakirələrə səbəb olub. Paylaşımda qeyd olunur ki, həmin ərazidə alternativ parklanma imkanları mövcuddur. Belə ki, yolun sol tərəfində AzParkinq-ə məxsus ödənişli parklanma yerləri, sağ tərəfdə isə plazanın altında qapalı dayanacaq olduğu halda avtomobilin məhz mikromobillik zolağında saxlanılması narazılıq doğurub.Azərbaycan qanunvericiliyində diplomatik nümayəndəliklərin avtomobilləri üçün xüsusi parklanma və ya yol istifadəsi istisnaları varmı?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, diplomatik nömrəsi olan nəqliyyat vasitəsinin üstünlüyü odur ki, sürücü birbaşa inzibati məsuliyyətə cəlb olunmur: “Məsələni hüquqi baxımdan düzgün fərqləndirmək lazımdır. Diplomatik immunitetlə yol hərəkəti qaydalarından azadolma eyni anlayış deyil. Bunlar tamamilə fərqli məsələlərdir. Həm Azərbaycan qanunvericiliyi, həm də beynəlxalq hüquq bunu açıq şəkildə fərqləndirir.

Beynəlxalq hüquqda əsas sənəd 1961-ci il Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasıdır. Konvensiyaya görə diplomatik agentlər cinayət və inzibati immunitetə malikdirlər. Lakin sənəddə açıq şəkildə qeyd olunur ki, onlar fəaliyyət göstərdikləri, yəni qəbul edən dövlətin qanun və qaydalarına hörmət etməlidirlər. Yəni diplomatik status yol hərəkəti qaydalarını pozmağa icazə vermir. Sadəcə olaraq, cərimənin tətbiqi mexanizmi fərqli ola bilər.

Azərbaycan milli qanunvericiliyində - “Yol hərəkəti haqqında” Qanunda, İnzibati Xətalar Məcəlləsində və yol hərəkəti qaydalarında diplomatik avtomobillərə mikromobillik zolağında park etməyə xüsusi icazə verən hər hansı norma yoxdur. Belə bir istisna nə diplomatlara, nə də Azərbaycan vətəndaşlarına şamil edilir. Mikromobillik zolağında park etmək ümumi qaydada qadağandır və diplomatik avtomobillər üçün ayrıca istisna nəzərdə tutulmayıb.

Diplomatik nömrə hansı üstünlüyü verir? Nəqliyyat vasitəsi müsadirə edilmir, sürücü birbaşa inzibati məsuliyyətə cəlb olunmur, avtomobildə axtarış və ya baxış aparılmır. Lakin pozuntu faktı qeydə alınır və Xarici İşlər Nazirliyi vasitəsilə səfirliyə nota göndərilə bilər. Cərimə tətbiq olunaraq diplomatik kanallarla çatdırıla bilər. Bu, beynəlxalq praktikadır.

Eyni zamanda, Azərbaycan diplomatları da xarici ölkələrdə fəaliyyət göstərərkən həmin ölkələrin yol hərəkəti qaydalarına əməl etməlidirlər. Əgər pozuntu törədilirsə, cərimə ödənilməlidir. Məsələnin mahiyyəti budur: yol hərəkəti qaydasının pozulması ictimai təhlükə yaradır və bu, hüquqi məsuliyyət doğurur”.

Əliməmməd Nuriyev

“Bir çox ölkələrin təcrübəsində də görürük ki, diplomatlar fəaliyyət göstərdikləri ölkədə yol hərəkəti qaydalarını pozduqda məsuliyyət məsələsi diplomatik prosedurla həll edilir, lakin bu, qaydaların pozulmasına icazə verilməsi demək deyil. Digər ölkələrdə Azərbaycan diplomatlarına münasibətdə xüsusi güzəşt tətbiq edilmirsə, eyni prinsip burada da keçərli olmalıdır. Diplomatik parklanma yerləri mövcuddur - səfirliyin öz ərazisi var, rəsmi şəkildə ayrılmış park yerləri var, xüsusi nişanlanmış diplomatik zonalar var. Onlar həmin zonalarda park edə bilərlər və bu yerlər məhz onlar üçün nəzərdə tutulub. Dünyanın hər yerində belə təcrübə mövcuddur.

Əgər belə xüsusi nişan və ya ayrılmış zona yoxdursa, o zaman adi yol hərəkəti qaydaları diplomatik avtomobillərə də tətbiq olunur.

Mikromobillik zolaqları məsələsi isə daha həssasdır. Bu zolaqlar təhlükəsizlik məqsədilə yaradılıb və alternativ şəhər nəqliyyatı strategiyasının bir hissəsidir. Bakıda son illərdə bu istiqamətdə şəhərsalma və dayanıqlılıq mövzuları geniş müzakirə olunur. Bu yanaşma həm də BMT-nin dayanıqlı inkişaf məqsədləri çərçivəsində təşviq edilən prinsiplərlə uzlaşır. Mikromobillik zolağında avtomobil saxlamaq təkcə yol hərəkəti qaydalarının pozuntusu deyil, həm də təhlükəsizlik riskidir. Əgər diplomatik şəxslərə məxsus avtomobil belə zolaqda saxlanılıbsa, hüquqi baxımdan pozuntu var. Cərimə mexanizminin tətbiqi prosedur baxımından fərqli ola bilər, lakin pozuntu faktı dəyişmir və məsələ həll olunmalıdır.

Necə ki, digər ölkələrdə Azərbaycan diplomatlarına münasibətdə xüsusi güzəşt tətbiq edilmir, eyni prinsip burada da keçərli olmalıdır. Qayda pozulubsa və ətraf üçün təhlükə yaradılırsa, məsuliyyət tədbiri görülməlidir. Burada diplomatik immunitet məsələsinin bu konkret pozuntu ilə birbaşa əlaqəsi yoxdur. İmmunitetin də hüquqi hədləri var.

Bir şəxsin qaydaya əməl etməsi tələb olunursa, digəri də etməlidir. Mikromobillik zolağında park etmək həm velosipedçinin, həm də skuter sürən şəxslərin həyatını risk altına qoyur. Bu zolaqlar, məhz təhlükəsizlik və müasir şəhərsalma prinsipləri üçün yaradılıb”-deyə Əliməmməd Nuriyev qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
78
bizimyol.info

1Mənbələr