AZ

Azərbaycan Dillər Universitetində Çin Yeni ili münasibətilə qala konsert keçirilib

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 fevral, AZƏRTAC

Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunda Çin Yeni ili - Bahar bayramına həsr olunmuş qala-konsert keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl çıxış edən Çinin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Din Tao Bahar bayramının Çin xalqının ən vacib ənənəvi bayramı olduğunu söyləyib. Qeyd edib ki, bu bayram təkcə ailə birliyini və milli hissləri simvolizə etmir, həm də müxtəlif sivilizasiyaların harmonik birgəyaşayışı, qarşılıqlı uğur qazanması və bilik mübadiləsi vizyonunu dünyaya çatdırır.

Konfutsi İnstitutunun kollektivini 10 illik yubileyi münasibətilə təbrik edən Din Tao qonaqlara At ilində möhkəm cansağlığı, ailə səadəti və firavanlıq arzulayıb.

Azərbaycan Dillər Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Jalə Qəribova qonaqları qarşıdan gələn Ay təqvimli Yeni il münasibətilə təbrik edib və universitetdə Çin xalq bayramlarının keçirilməsinin artıq yaxşı bir ənənəyə çevrildiyini qeyd edib. Bildirib ki, bu tədbirlər tələbələrə özünəməxsus Çin mədəniyyəti ilə daha dərindən tanış olmağa, Çin dili biliklərini dərinləşdirməyə və Çin xalqına, onun tarixinə və adət-ənənələrinə sevgi aşılamağa imkan verir.

Konsertdə institutun tələbələri ənənəvi Çin geyimlərində canlı və rəngarəng bədii proqram təqdim ediblər, həmçinin Çin xalq və müasir mahnıları, gitara və Çin fleytasında romantik melodiyalar səsləndirilib. Çin mədəniyyətinin özünəməxsus cazibəsini üzə çıxaran zərif rəqslər ifa edilib, Vətənə sevgini, insanlar arasında dostluğu və bayramın şən atmosferini tərənnüm edən şeirlər oxunub.

Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov bayram iştirakçılarına diplomlar və Yeni il hədiyyələri təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
azertag.az

1Mənbələr