AZ

Vardanyana niyə ömürlük yox, 20 il həbs cəzası verildi? – Açıqlandı

Xəbər verdiyimiz kimi, sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələr və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan 20 il müddətinə azadlıqdan məhrum edilib.

Vardanyan niyə ömürlük cəza almadı?

Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, Azərbaycan məhkəmələri bu işlərə beynəlxalq hüquq normaları çərçivəsində baxıb:

“Təqsirləndirilən şəxslərin hər biri vəkillə təmin olunub, bütün prosessual hüquqları qorunub və qanunvericiliyin tələblərinə əməl edilib. Ömürlük həbs cəzası alan şəxslərin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, terrorçuluq və digər ağır əməlləri konkret faktlar, sübutlar və şahid ifadələri ilə təsdiqlənib. Məhkəmə hər bir iş üzrə cinayətin miqyasını və xarakterini qiymətləndirərək adekvat cəza təyin edib. Ruben Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasının verilməsi də aparılmış istintaq materialları, şahid ifadələri və məhkəmə araşdırmaları əsasında müəyyən edilib”.

elman

Elman Nəsirov

Millət vəkili bildirib ki, Ruben Vardanyanın İkinci Qarabağ müharibəsində birbaşa silahlı iştirakının və ya hərbi komandanlıq vəzifəsinin olmadığı, daha çox sonrakı dövrdə siyasi proseslərdə yer aldığı nəzərə alınıb:

“Ömürlük cəza alan şəxslər isə işğal dövründə, təxminən 30 il ərzində daha genişmiqyaslı və sistemli cinayətlərdə iştirak ediblər. Bu cinayətlər istintaq və məhkəmə araşdırmaları zamanı sübuta yetirilib. Bu baxımdan məhkəmənin qərarı araşdırılmış sübutlara və hüquqi qiymətləndirməyə əsaslanır. Qərarın obyektiv və mövcud hüquqi çərçivəyə uyğun verildiyi qənaətinə gəlmək olar”.

Vəkil Ramil Süleymanlı isə qeyd edib ki, Ruben Vardanyana təyin olunmuş cəza qanunvericiliyimizə uyğun olaraq müəyyən edilib:

ramil

Ramil Süleymanlı

“Onun ittiham olunduğu maddələrdə ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub və məhkəmə bunu da təyin edə bilərdi. Cinayət Məcəlləsinin 55.4-cü maddəsinə əsasən, cinayətlərin məcmusu üzrə cəza müəyyən edilərkən azadlıqdan məhrumetmə müddətinin yuxarı həddi 20 il, hökmlərin məcmusu üzrə isə 25 ildən artıq ola bilməz. Eyni zamanda, 66-cı maddəyə görə, hər bir cinayət üçün ayrı-ayrılıqda cəza təyin olunur və cəzaların qismən və ya tam toplanması yolu ilə qəti cəza müəyyən edilə bilər. Əgər dövlət ittihamçısı məhkəmənin təyin etdiyi cəza ilə razı deyilsə və ya həmin cinayət işində zərərçəkmiş şəxs qismində cəlb olunmuş Azərbaycan vətəndaşları varsa, onlar apellyasiya şikayəti təqdim edərək, hökmə etiraz edə bilərlər. Bu yolla ömürlük azadlıqdan məhrumetmə cəzasının təyin olunmasına təsir göstərmək mümkündür”.

Seçilən
11
1
turkustan.az

2Mənbələr