
Bələdiyyələr yerli özünüidarəetmə orqanları olaraq əhalinin sosial-iqtisadi problemlərinin həllində mühüm rol oynamalıdır. Onlar yerli büdcənin formalaşdırılması, kommunal xidmətlərin təşkili və icma maraqlarının qorunması kimi funksiyaları yerinə yetirirlər. Lakin praktikada bir çox bələdiyyələrin fəaliyyətinin zəif olması, maliyyə imkanlarının məhdudluğu və səlahiyyətlərin tam icra olunmaması müşahidə olunur. Bu amillər onların yerli inkişaf prosesində gözlənilən səviyyədə təsir göstərə bilməməsinə səbəb olur.
Mövzu ilə bağlı Missiya.Az-a danışan deputat Tahir Rzayev bildirib ki, bələdiyyələr seçkili orqanlardır:
"Onlar öz fəaliyyətlərini müstəqil şəkildə qurur və tənzimləyir, büdcələrini formalaşdırır və qanunvericiliyə uyğun olaraq vəsaitlərdən istifadə etmək səlahiyyətinə malikdirlər. Buna görə də bələdiyyələrə kənar təsirlərin göstərilməsi ilə bağlı fikirlər bir çox hallarda özünü doğrultmur. Lakin sözsüz ki, hər bir orqan və qurum üzərində müəyyən nəzarət mexanizmləri olmalıdır və dünya praktikası da bunu təsdiq edir. Bələdiyyələr üzərində tətbiq olunan nəzarət mexanizmləri onlara təsir vasitəsi deyil, əksinə, fəaliyyətlərinin daha səmərəli təşkili üçün nəzərdə tutulan hüquqi tədbirlərdir"- o qeyd edib.
Deputatın sözlərinə görə, son illərdə bələdiyyələrin fəaliyyəti xeyli genişlənib:
"Xüsusilə həyata keçirilən islahatlar nəticəsində bələdiyyə institutunda sadələşdirmə aparılıb, bələdiyyələrin sayı azaldılıb və bu dəyişikliklər artıq öz müsbət nəticələrini verir. Bu yaxınlarda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun hesabatı dinlənilib. Həmin hesabatda əks olunan faktlar göstərir ki, bələdiyyələrin maliyyə bazası xeyli möhkəmlənib. Həm torpaq, həm də əmlak vergilərinin toplanmasında müsbət nəticələr əldə olunub".
Tahir Rzayev qeyd edib ki, digər tərəfdən, bələdiyyələr sosial-iqtisadi məsələlərin həllində bir sıra uğurlar qazanıb:
"Əhali ilə təmasın yaxşılaşdırılması, vətəndaşların təkliflərinin dinlənilməsi və icrası, aztəminatlı ailələrə, xüsusilə şəhid ailələrinə və ərazilərə dəstək göstərilməsi bələdiyyələrin fəaliyyətində mühüm yer tutur. Bununla yanaşı, müəyyən nöqsanlar da mövcuddur. Bu nöqsanların aradan qaldırılması bələdiyyələrin daha səmərəli fəaliyyət göstərməsi üçün vacibdir. Xüsusilə torpaq satışı prosedurlarının sadələşdirilməsi, vətəndaş–bələdiyyə münasibətlərinin daha da yaxşılaşdırılması və bələdiyyələrin özəl müəssisələrinin yaradılması bu istiqamətdə atılmalı olan addımlardandır",- Tahir Rzayev əlavə edib.
Seyranə QuliyevaMissiya.Az