AZ

BMU tələbələri istehsalat təcrübəsini dövlət qurumları və nüfuzlu şirkətlərdə keçirlər

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 17 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) sonuncu kursda təhsil alan tələbələrin istehsalat təcrübəsinə start verilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, fevralın 16-dan iyulun 4-dək davam edəcək təcrübə proqramı tələbələrin nəzəri biliklərinin praktik bacarıqlara çevrilməsini və əmək bazarına inteqrasiyasını təmin etmək məqsədilə təşkil olunub.

Cari ildə İnformasiya və kompüter texnologiyaları, İqtisadiyyat və idarəetmə, Mühəndislik fakültələrindən, ümumilikdə 710 tələbə istehsalat təcrübəsində iştirak edir. Təcrübə proqramı ölkənin aparıcı dövlət qurumları və nüfuzlu şirkətlərində təşkil olunub. Bunlara Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı nazirlikləri, SOCAR-ın müəssisələri, “Azərenerji”, “Azərişıq”, Bakı Metropoliteni, “BakuBus” “AzVirt”, “ADSEA”, “Baku Steel Company”, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Abşeron Logistika Mərkəzi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, “Azertexnolayn”, Veysəloğlu Şirkətlər Qrupu, “Azərsun Holdinq”, “Azərsu”, həmçinin digər dövlət və özəl müəssisələr, banklar daxildir.

Bundan əlavə, BMU ilə yeni əməkdaşlıq memorandumu imzalamış BS Avtomatika MMC və V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunda 20 tələbənin təcrübə keçməsi planlaşdırılıb.

Riyaziyyat və informatika ixtisasında təhsil alan 30 tələbə isə təcrübələrinə Landau Məktəbi, Yaşam Məktəbi, İdrak və Hədəf liseylərində başlayıblar.

Magistratura səviyyəsində təhsil alan II kurs tələbələri üçün isə elmi-tədqiqat (19 fevral-19 mart) və elmi-pedaqoji (27 mart-22 aprel) təcrübələr təşkil olunacaq. Bu təcrübə proqramında ümumilikdə 176 magistrantın iştirakı nəzərdə tutulur.

Təcrübə proqramı tələbələrin peşəkar mühitlə daha sıx inteqrasiyasına, əmək bazarının tələblərinə uyğun kompetensiyaların formalaşdırılmasına və universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə xidmət edir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
61
4
azertag.az

5Mənbələr