Süni intellekt (AI) alətlərinin tətbiqi ilə aerokosmik sənaye komponentinin istehsal müddətini 12 aya qədər azaltmaq mümkündür.
"Report" xəbər verir ki, bu barədə "Ansys": Azərbaycanda rəqəmsal layihələndirmə və innovativ həllər" konfransında "Ansys" şirkətinin MEA (Yaxın Şərq və Afrika) regionu üzrə məhsul satışı üzrə baş meneceri Pavel Bruk bildirib.
"Əgər ənənəvi istehsal prosesindən, məsələn, aerokosmik sahədən danışsaq, bir komponentin yaradılmasına təxminən 50 ay vaxt sərf olunur. Söhbət bütöv təyyarədən deyil, daha çox komponent və ya altsistem səviyyəsindən gedir. Avtomatlaşdırılmış istehsal prosesləri zamanı isə müddət təxminən iki dəfə - 24 aya qədər azalır. Əgər istehsal prosesinə süni intellekt tətbiq etsək, biz bu müddəti daha iki dəfə - 12 aya qədər azalda bilərik", - o deyib.
Onun sözlərinə görə, süni intellektin tətbiqi konkret sahələrdə, fizikada və ixtisaslaşmış istiqamətlərdə ekspert çatışmazlığını aradan qaldırmağa kömək edir: "Süni intellektə fəal şəkildə investisiya yatırırıq və üç əsas istiqamətdə işləyirik: virtual assistent, müxtəlif istiqamətlər üçün Ansys məhsullarına əlavə olaraq süni intellektin tətbiqi və istehsal göstəricilərinin proqnozu. Azərbaycan bazarı üçün rəqəmsal əkizlərdə proqnozlaşdırma üçün istifadə olunan "Twin AI" maraqlı ola bilər".