AZ

"Turizmdə əsas meyar qonağın rahatlığı və xidmət standartlarıdır" - EKSPERT AÇIQLADI

“Otel və yerləşdirmə müəssisələrində qonaqlardan nikah şəhadətnaməsinin tələb olunması məsələsi son dövrlərdə həm ictimai müzakirələrdə, həm də turizm sektorunda diqqət çəkən mövzulardan biridir. Bu məsələni qiymətləndirərkən həm hüquqi çərçivə, həm xidmət standartları, həm də ölkənin turizm imici baxımından yanaşmaq vacibdir".

Bu sözləri SİA-ya açıqlamasında turizm eksperti Əziz Şiriyev deyib.

Onun sözlərinə görə, müasir turizm sənayesində əsas prinsip qonağın rahatlığı, məxfiliyi və xidmət keyfiyyətidir: "Beynəlxalq turizm praktikasında otellər qonağın şəxsi həyatına müdaxilə edəcək suallar və ya əlavə sənədlər tələb etməkdən çəkinirlər. Standart olaraq yalnız şəxsiyyət vəsiqəsi və ya pasport məlumatları qeydiyyat üçün kifayət hesab olunur. Nikah şəhadətnaməsinin tələb olunması isə bir çox hallarda xidmət standartlarından kənar və əlavə məhdudiyyət kimi qiymətləndirilə bilər. Bu cür tələblər yerli qonaqlar üçün narahatlıq yaratmaqla yanaşı, xüsusilə xarici turistlərdə anlaşılmazlıq və mənfi təəssürat formalaşdıra bilər. Müasir turizm bazarında ölkələr arasında rəqabət çox yüksəkdir və turistlər özlərini sərbəst və rahat hiss etdikləri istiqamətləri seçirlər. Əgər qonaqlar yerləşmə zamanı əlavə sosial və ya şəxsi xarakterli suallarla qarşılaşırsa, bu, ölkənin qonaqpərvərlik imicinə mənfi təsir göstərə və turizm brendi üçün reputasiya riski yarada bilər. Digər tərəfdən, bəzi hallarda otellər yerli ənənələr, daxili qaydalar və ya müəyyən inzibati ehtiyat tədbirləri ilə belə qərarlar verə bilirlər. Lakin turizm sahəsi qlobal standartlara inteqrasiya etdikcə, xidmət yanaşması daha çox beynəlxalq təcrübəyə uyğunlaşdırılmalıdır. Qonağın şəxsi seçimlərinə hörmət və xidmətin neytral xarakter daşıması turizm sektorunun inkişafı üçün əsas şərtlərdən biridir.

Bu məsələnin daha geniş təsiri də var. Turizm yalnız iqtisadi fəaliyyət deyil, həm də ölkənin dünyadakı imicini formalaşdıran mühüm sahədir. Xidmət sektorunda əlavə sosial məhdudiyyətlərin tətbiqi ölkənin açıq, müasir və turistlər üçün əlverişli məkan kimi qəbul olunmasına mane ola bilər. Xüsusilə fərdi səyahət edənlər, cütlüklər və gənc turistlər üçün bu kimi hallar alternativ istiqamətlərin seçilməsinə səbəb ola bilər.

Ümumilikdə, turizm sektorunun rəqabət qabiliyyətinin artırılması üçün xidmət standartlarının sadələşdirilməsi, qonaq məmnuniyyətinin prioritet götürülməsi və beynəlxalq təcrübəyə uyğun vahid yanaşmanın formalaşdırılması vacibdir. Bu, həm daxili turizmin inkişafına, həm də ölkəyə gələn xarici turist sayının artmasına müsbət təsir göstərə bilər".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
7
sia.az

1Mənbələr