AZ

Məktəblərdə şahmat tədris olunacaq? – RƏSMİ AÇIQLAMA

Şahmat təkcə oyun deyil, həm də analitik düşünmə, strateji planlama bacarığıdır. Xüsusilə də inkişaf dönəmində olan uşaqların diqqətini cəmləməyə, formalaşdırmağa kömək edir. Ona görə də uşaqların zəka və məntiqi düşünmə qabiliyyətlərini artırmaq məqsədilə dünyanın bir çox ölkələrində məktəblərdə şahmat dərsləri uşaqların ümumi təhsil prosesinin bir hissəsi olaraq tədris olunur.

Bəs Azərbaycanda şahmat dərsləri tədris planında varmı?

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, “2009-2014-cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 2011-2012-ci dərs ilindən etibarən rayon və şəhərlər üzrə seçilmiş məktəblərin 2, 3 və 4-cü siniflərində Şahmat fənni dərsdənkənar məşğələlərə ayrılmış vaxt hesabına dərs cədvəlinə daxil edilməklə həftədə 1 saat tədris olunur. Hal-hazırda bu layihə davam edir və ölkə üzrə 300-dən çox məktəbi əhatə edir.

Qeyd edək ki, şahmat bir çox ölkələrdə məcburi tədris proqramında yer alır. Həmin ölkələrdən biri də bu oyunun vətəni Hindistandır. Xüsusilə Tamil ştatında bütün dövlət məktəblərində tədris olunur.

Ermənistanda isə 2011-ci ildən etibarən bütün ibtidai məktəblərdə şahmat məcburi fənn kimi tədris olunur.

Rusiyanın bir çox regionlarda şahmat məktəb proqramına daxil edilib.

Türkiyədə seçmə (fakultativ) fənn kimi bir çox dövlət məktəblərində tədris olunur.

Meksika və İspaniyada da təşəbbüs əsasında bir çox məktəblərdə keçilir.

Şəfiqə Şəfa, Bizim.Media

 

Seçilən
24
1
bizim.media

2Mənbələr