AZ

"Prezidentin Münxen səfəri yeni regional reallıqların Avropa platformasında təqdimatı idi"

"Prezidentin Almaniya səfərinin mahiyyəti əsasən Cənubi Qafqazda yaranmış yeni sülh prosesinin beynəlxalq təqdimatı, Azərbaycanın Avropa ilə münasibətlərinin yeni mərhələyə daxil olması və regional reallıqların Avropa və dünya ictimaiyyətinə birbaşa çatdırılması istiqamətlərini əhatə edir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi.

Müsahibimiz bildirdi ki, prezidentin çıxışları beynəlxalq auditoriyaya ünvanlanmış strateji və konkret məlumatlardır:

"Yəni, Azərbaycan artıq post-münaqişə dövrünün əsas qalib aktoru kimi çıxış edir. Almaniya Avropanın siyasi və iqtisadi mərkəzlərindən biridir və belə səfərlər həm enerji, həm logistika, həm də geosiyasi dialoq baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat dəhlizlərində artan rolu Avropa paytaxtlarında siyasi maraq doğurur. Prezident Almaniya səfərində "France 24" televiziya kanalı vasitəsilə Avropa və dünya ictimaiyyətinə regional reallıqları izah edib, separatçı liderlər məsələsində hüquqi məsuliyyət və suverenlik prinsipləri barədə sərt mövqe nümayiş etdirib və Azərbaycanın bu məsələyə yanaşmasının daxili və beynəlxalq hüquqa əsaslandığını vurğulayıb. Bu, region haqqında müxtəlif təsəvvürlər fonunda rəsmi Bakının mövqeyinin birbaşa və konkret izahı idi. Almaniya səfərində Prezident İlham Əliyev müstəqil Azərbaycan siyasətinin mahiyyətini faktlar və məntiqlə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıb və bildirib ki, Müstəqil Azərbaycan Respublikası xarici siyasətdə öz milli maraqlarına əsaslanan kurs yürüdür, Azərbaycanın ərazi bütövlüyü beynəlxalq ictimaiyyət tərəfindən tanınır və ölkə daxilində separatizmə qarşı hüquqi tədbirlər dövlət suverenliyinin təbii tələbi kimi qiymətləndirilir. Bu mövqe Azərbaycanın qərarlarını xarici təzyiqdən deyil, milli hüquqi çərçivədən çıxış edərək qəbul etdiyini göstərir".

Siyasi şərhçi qeyd etdi ki, rəsmi Bakı balanslaşdırılmış diplomatiya həyata keçirir, Azərbaycan eyni vaxtda həm ABŞ, həm Avropa ölkələri, həm də region dövlətləri ilə dialoqu davam etdirir və müxtəlif beynəlxalq aktorlarla bərabərhüquqlu münasibətlər qurur.

"Bakı heç bir blokun tərkibində deyil və çoxvektorlu siyasət kursunu qoruyur. İkinci Qarabağ müharibəsindən sonra sərhəddə sabitliyin bərqərar olması, tranzit məhdudiyyətlərin aradan qaldırılması və iqtisadi münasibətlərin ilkin elementlərinin formalaşması Azərbaycanın regionda sülh prosesini yalnız siyasi bəyanat səviyyəsində deyil, praktiki addımlarla da dəstəklədiyini göstərir. Fransa ilə münasibətlər barədə verilən açıqlamalar da göstərir ki, rəsmi Bakı bərabərhüquqlu tərəfdaşlıq istəyir, lakin suverenlik və dövlət maraqları məsələsində kompromisə getmir. Bu, müstəqil siyasətin əsas göstəricilərindən biridir. Nəticə etibarilə, Azərbaycan Prezidentinin Almaniya səfəri sadəcə diplomatik protokol hadisəsi deyil, həm də yeni regional reallıqların Avropa platformasında təqdimatı idi. Bu səfər göstərdi ki, Azərbaycan siyasi gündəmini özü formalaşdırır və onu beynəlxalq auditoriyaya birbaşa çatdırır. İlham Əliyevin Almaniya səfəri Azərbaycanın müstəqil siyasi kursunun növbəti praktiki təsdiqi idi", - deyə Q.Sadıqbəyli bildirdi.

Nuriyyə NATİQQIZI

Seçilən
71
1
redaktor.az

2Mənbələr