
“Glasgow School of Art” məktəbinin 22 yaşlı məzunu Emiliya Evans-Manton dünyanın ən böyük yumşaq meymun oyuncağı ilə rəsmi olaraq “Ginnesin Rekordlar Kitabı”na düşüb.
Yeniavaz.com xəbər verir ki, “Remember I'm Still Here” (“Unutma ki, mən hələ də buradayam”) adlı nəhəng oyuncağın hazırlanması iki həftəyə başa gəlib. Bir həftə içliyin hazırlanması, bir həftə isə parçanın tikilməsi üçün sərf edilib.
Uzunluğu 15,1 metr olan oyuncağın hazırlanması üçün 60 metr velvet parçadan və 40 bağlama samandan istifadə olunub.
Eni 1,5 metr olan “düymə gözlər” isə təkrar emal olunmuş tikinti taxta materialından hazırlanıb.
Evans-Manton layihənin onun uşaqlığını simvolizə etdiyini bildirib. O, ibtidai məktəbdə anası və nənəsi ilə birlikdə yumşaq oyuncaqlar düzəldib.
Evans-Manton bu oyuncağı “unudulmuş oyuncaqlar”a həsr edib. O, oyuncağın açıq havada – “günəşin, küləyin və yağışın altında” olduğinu qeyd edib.
Oyuncağın hazırlanmasında ona dostları və ailəsi kömək edib.
Oyuncaq ilk dəfə 2025-ci ildə “Stow College” binasının açıq ərazisində məzun şousunda nümayiş etdirilib və tamaşaçılar arasında əsl sensasiyaya çevrilib.


