AZ

Əməkdar məşqçi: Müasir şahmatda 18-20 yaş artıq gənc hesab olunmur

Bakı, 17 fevral, AZƏRTAC

Şahmatın cavanlaşması ölkə çempionatının nəticələrində özünü büruzə verir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında şahmat üzrə əməkdar məşqçi Fikrət Sideifzadə Azərbaycan çempionatı ilə bağlı danışarkən deyib.

Veteran şahmatçı çempionatın 1/4 finalında Read Səmədova uduzaraq mübarizəni dayandıran Rauf Məmmədovun kifayət qədər təcrübəli olduğunu, lakin belə sistemdəki yarışlarda hər cür nəticənin qeydə alına biləcəyini bildirib: “Readın 21 yaşı var. Sadəcə xatırlatmaq istəyirəm ki, hindistanlı qrossmeyster Qukeş Dommaracu 18 yaşında dünya çempionu olub. Yəni, müasir şahmatda 18-20 yaş artıq o qədər də gənc hesab olunmur. Şahmat çox cavanlaşıb. Read da perspektivli şahmatçılardan biridir. Həmin mərhələdə Aydın Süleymanlı, Məhəmməd Muradlı kimi nisbətən gənc şahmatçılar da çıxış edib və qələbə qazanıblar”.

O, bu gün yarımfinalda Aydın Süleymanlı ilə qarşılaşan Şəhriyar Məmmədyarovun şanslarını yüksək qiymətləndirib: “Bu raundda üç gənc və bir də təcrübəli Şəhriyar var. O, bir nömrədir və təcrübəsi böyükdür. Amma gənclər də öz sözlərini deyəcəklər. Çətin görüş olacaq. Çox güman ki, klassik oyun heç-heçə bitəcək, Şəhriyar əsasən rapiddə özünü göstərmək istəyəcək. Amma Aydın da kifayət qədər möhkəm oynayan şahmatçıdır, açıq-aydın səhvlər etmir. Ona görə də Şəhriyar üçün adlarını çəkdiyimiz şahmatçılar arasında ən çətin rəqib məhz Aydındır. Bu baxımdan qarşılaşma maraqlı olacaq. Görək gənclik qalib gələcək, yoxsa təcrübə”.

F. Sideifzadə qadınların yarışında qeyri-adi nəticələrin qeydə alındığını söyləyib: “Bildiyiniz kimi, çempionatda bizim əsas və uzun müddətdir yığmanın tərkibində olan beş şahmatçımız iştirak edirdi. Onlardan biri artıq mübarizəni dayandırıb. Günay Məmmədova Ayan Allahverdiyevaya 0:2 hesabı ilə uduzaraq bizi xeyli təəccübləndirdi. Üstəlik, oyunun keyfiyyəti də mənim heç xoşuma gəlmədi. Təbii ki, uduzmaq olar, bu idmandır. Amma oyun baxımından gözləntilər daha yüksək idi. Sözsüz ki, o, bizim qadın şahmatında həmişə bir nömrəmiz olub və tezliklə əvvəlki səviyyəyə qayıdacağına inanıram. Sadəcə bir qədər öz üzərində işləməli və psixoloji durumunu bərpa etməlidir. Bəzən bir-iki uğurlu nəticə belə, psixoloji vəziyyəti müsbətə doğru dəyişə bilir. Amma bunun üçün işi düzgün qurmaq lazımdır. Həm məşq prosesi, həm də psixoloji hazırlıq baxımından hər şey sistemli şəkildə təşkil olunmalıdır”.

Əməkdar məşqçi vurğulayıb ki, qadınlar arasında ölkə çempionu Ülviyyə Fətəliyeva - Gülnar Məmmədova cütünün qalibi olacaq: “Ülviyyə son iki ildə çox əzmkar oynayır. Gülnar da yaxşı şahmatçıdır. Baxmayaraq ki, artıq bir qədər yaş həddini keçib, amma sona qədər mübarizə aparır. Ona görə də həmin cütlüyün oyununu maraqla gözləyirik. Hətta bəlkə də kim qalib gəlsə, Azərbaycan çempionu olacaq. Ümumi qiymətləndirməyə görə favorit Ülviyyə Fətəliyevadır. Reytinq və son nəticələrə baxsaq, bunu demək olar. Gülnarın hazırda əmsalları bir qədər aşağıdır. Lakin təcrübəsi çox olduğu üçün hər cür nəticə mümkündür”.

O, Türkan Məmmədyarova ilə Ayan Allahverdiyeva arasında yarımfinal qarşılaşmasına da toxunub: “Hər halda, indi diqqətlər Ayandadır. Günayı 1/4 finalda məğlub etmişdi. Bu turda necə oynayacağını görəcəyik. Çünki qadınlar arasında Avropa və dünyada ən çox medalı olan şahmatçılardan biridir. Ona görə də ondan gözləntilər böyükdür. Maraqlıdır ki, bu gün necə təsir bağışlayacaq”.

Qeyd edək ki, şahmat üzrə Azərbaycan çempionatına fevralın 22-də yekun vurulacaq.

Seçilən
34
1
azertag.az

2Mənbələr