
Avropa Parlamenti məlumat təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən deputatların və personalın iş cihazlarındakı süni intellekt funksiyalarını deaktiv edib.
Politico-nun xəbərinə görə, AP-nin informasiya texnologiyaları bölməsi süni intellekt tərkibli cihazlarda kibertəhlükəsizlik və məlumat gizliliyinin təminat altına alına bilməyəcəyi qənaətinə gəlib.
Aparılan araşdırmalar çərçivəsində müəyyən olunub ki, süni intellekt müəyyən tapşırıqları yerinə yetirmək üçün bulud (cloud) xidmətlərindən istifadə edir və məlumatları cihazdan kənara göndərir. Bu tədqiqatdan sonra AP öz üzvlərinin və əməkdaşlarının iş cihazlarında süni intellekt funksiyalarından istifadəni dayandırıb.
Bundan əlavə, AP millət vəkillərinə xüsusilə işlə bağlı tapşırıqlarda istifadə etdikləri şəxsi cihazlarında da bənzər təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib. Digər tərəfdən, Avropa İttifaqı (Aİ) xarici ölkələrdən texnologiya tədarükü ilə bağlı yaranan narahatlıqlara görə son illərdə məlumat təhlükəsizliyi siyasətini xeyli gücləndirib.
Xatırladaq ki, Avropa Parlamenti 2023-cü ildə personalın cihazlarında TikTok sosial media platformasından istifadəni də qadağan etmişdi.