AZ

"Qəbələ" Premyer Liqa ilə bağlı bəyanat yayıb

"Qəbələ" klubu Azərbaycan Premyer Liqasında keçirdiyi oyunlardakı hakim qərarları ilə bağlı bəyanat yayıb.

"Cebheinfo.az" xəbər verir ki, bölgə təmsilçisi hakimlərin qərarlarından narazılığını ifadə edib.

Bəyanatı nəzərinizə çatdırırıq:

"Qəbələ" – "Sabah" oyununun 87-ci dəqiqəsində top cərimə meydançasında "Sabah" komandasının iki futbolçusunun əlinə dəysə də, VAR epizoda təxminən 10 dəqiqəyə yaxın (!) baxdıqdan sonra baş hakimi monitora dəvət etdi. Hesab edirik ki, "Qəbələ"nin qaydalar çərçivəsində vurulmuş qolu hesaba alınmadı və komandamız ən azı 1 xaldan məhrum oldu. Bu, cari mövsümdə ikinci belə hal idi.

Buna qədər Misli Premyer Liqasının VIII turunun "İmişli" – "Qəbələ" (2:2) oyununda baş hakim İnqilab Məmmədov 59-cu dəqiqədə hesab 2:0 komandamızın xeyrinə olarkən, Ronaldo de Souzaya əllə oyuna görə ikinci sarı vərəqəni göstərmədi. Daha sonra Ronaldo de Souza rəqib komandanın qollarından birinin müəllifi oldu. AFFA Hakimlər Komitəsi baş hakimin səhvə yol verdiyini etiraf etdi. Bu isə artıq "Qəbələ"nin cari mövsümdə 3 xalının əlindən alınması deməkdir.

Rauf Cabarova gəlincə, XVII turun "Sabah"- "Karvan Yevlax" oyununda onun gözləri qarşısında top hücumda olan oyunçunun əlinə dəysə də, davam işarəsi verdi. Hücumun davamında isə digər futbolçunun vurduğu qol hesaba alındı. Oxşar epizod, fərq ondadır ki, bu dəfə Rauf Cabarov "Qəbələ"nin qolunu qeydə almadı. Ümid edirik ki, AFFA Hakimlər Komitəsi məsələyə obyektiv qiymət verəcək".

Qeyd edək ki, "Qəbələ" XX turda "Sabah"a 0:1 hesabı ilə məğlub olub. Bölgə təmsilçisinin VIII turda "İmişli" ilə matçı isə 2:2 hesabı ilə nəticələnib.

"Cebheinfo.az"

Seçilən
33
10
cebheinfo.az

10Mənbələr