AZ

Hillari Klinton: “Tramp Epşteyn sənədlərini gizlədir”

ABŞ-nin keçmiş dövlət katibi, sabiq prezident Bill Klintonun həyat yoldaşı və Donald Trampın 2016-cı il seçkilərində məğlub etdiyi prezidentliyə namizəd Hillari Klinton, Berlində keçirilən forum zamanı Tramp administrasiyasını Epşteyn sənədlərini ört-basdır etməkdə ittiham edib.

"Cebheinfo.az" xəbər verir ki, Klinton sənədlərin qəsdən gecikdirildiyini iddia edərək, “Sənədləri açıqlayın. Prosesi ləngidirlər” sözləri ilə etirazını bildirib.

Ədliyyə Nazirliyi Konqresin yeni qanununa əsasən milyonlarla Epşteyn sənədini ictimaiyyətə təqdim edib. Nazirlik bütün materialların açıqladığını bildirsə də, bəzi konqresmenlər bunu yetərli hesab etməyib.

Digər tərəfdən, sənədlərdə Bill Klintonun Ceffri Epşteyn ilə birgə fotoları və müxtəlif mübahisəli görüntülərin yer aldığı qeyd olunur.

Klinton həmçinin Epşteyn üçün azyaşlı qızlar tapmaqda ittiham olunan və onun yaxın əməkdaşı kimi tanınan Gislaine Maksvell ilə cəmi bir neçə dəfə qarşılaşdığını bildirib.

Hillari və Bill Klinton Epşteynlə əlaqələri ilə bağlı Konqres qarşısında ifadə verəcəklər. Klinton cütlüyü ifadənin ictimaiyyətə açıq keçirilməsini tələb edib.

Hillari Klinton fevralın 26-da, Bill Klinton isə bir gün sonra iclasa qatılacaq. Cütlüyün ifadə verməyə razılıq verməsindən sonra onları şübhə altına sala biləcək “Konqresə itaətsizlik” səsverməsi ləğv edilib.

Bu, 1983-cü ildən bəri sabiq ABŞ prezidentinin komitə qarşısında verəcəyi ilk ifadə olacaq.Hillari Klinton deyib: 

“Ora gedəcəyik, amma bunun açıq keçirilməsinin daha doğru olduğunu düşünürük. Gizlədəcək heç nəyimiz yoxdur. Bu sənədlərin tam açıqlanması üçün dəfələrlə çağırış etmişik. Günəş işığının ən yaxşı dezinfeksiya vasitəsi olduğuna inanırıq”.

Donald Tramp sənədlərdə adının yüzlərlə dəfə çəkilməsinə baxmayaraq, illər əvvəl Epşteynlə əlaqəni kəsdiyini bildirib.

“Air Force One” təyyarəsində jurnalistlərə danışan Tramp sənədlərin onu bəraət qazandırdığını iddia edib:

“Mən bəraət qazandım. Ceffri Epşteynlə heç bir əlaqəm olmayıb. Nəsə tapmaq ümidi ilə araşdırdılar, amma əksini gördülər”.

Tramp bu araşdırmaların əslində Demokratların problemi olduğunu irəli sürüb. Ədliyyə Nazirliyi isə Tramp barəsində bəzi iddiaların əsassız olduğunu açıqlayıb və sənədlərin 2020-ci il seçkiləri öncəsi FTB-yə təqdim edilən şişirdilmiş iddialardan ibarət olduğunu bildirib.

Seçilən
65
cebheinfo.az

1Mənbələr