AZ

İran iki istiqamətdə hərəkətə keçdi, proses başladı Hücum olmayacaq?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın Fars körfəzi hövzəsində hərbi mövcudluğu artırdığı barədə məlumatlar fonunda İran, ordusunun bölgədə təlimlərə başladığını açıqlayıb. Paralel olaraq isə Cenevrədə Vaşinqton-Tehran danışıqlarının növbəti mərhələsi start götürür.

Digər tərəfdən, eyni şəhərdə Rusiya-ABŞ-Ukrayna üçtərəfli formatında ayrıca görüşün planlaşdırılması da diqqət çəkir.

Hazırkı vəziyyət Pentaqonun İran siyasətində tərəddüd yaşadığını göstərir, yoxsa bu, paralel təzyiq-diplomatiya strategiyasının tərkib hissəsidir? Cenevrə danışıqları real irəliləyiş vəd edir, yoxsa tərəflər mövqelərini möhkəmləndirməyə çalışır?

Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, İran ətrafında baş verənlər klassik təzyiq və diplomatiya paralelliyinin nümunəsidir:

“ABŞ Körfəz bölgəsində hərbi mövcudluğunu artırır, dəniz qüvvələrini aktiv vəziyyətə gətirir və faktiki olaraq İranı strateji baxımdan sıxışdırmağa çalışır. Buna baxmayaraq, Tehran emosional reaksiya vermir, ritorikanı sərtləşdirmir və prosesə nəzarətli şəkildə yanaşır. Cenevrədə ABŞ-İran danışıqlarının başlanması göstərir ki, tərəflər açıq toqquşmadan yayınmağa çalışır və gərginliyi masa arxasında idarə etməyə üstünlük verirlər. Eyni zamanda İranın Körfəzdə hərbi təlimlərə başlaması barədə yayılan məlumatlar onun çəkindirmə strategiyasını işə saldığını göstərir. Yəni Tehran bir tərəfdən danışıq aparır, digər tərəfdən isə hərbi imkanlarını nümayiş etdirir ki, balans pozulmasın.

Züriyə Qarayeva 

Bu situasiyanı Pentaqonun tərəddüdü kimi qiymətləndirmək isə birmənalı deyil. ABŞ hərbi təzyiq alətini saxlayır, lakin birbaşa zərbəyə getmir, çünki regional eskalasiya enerji bazarına və qlobal təhlükəsizliyə ciddi təsir edə bilər. Paralel olaraq Cenevrədə Rusiya-ABŞ-Ukrayna formatında görüşün planlaşdırılması Vaşinqtonun eyni vaxtda bir neçə böhranı idarə etməyə çalışdığını göstərir. Bu isə İran məsələsində sürətli qərar deyil, ölçülüb-biçilmiş strategiya seçildiyini deməyə əsas verir. ABŞ üçün əsas məqsəd İranı masada saxlamaqdır, Tehran üçün isə vaxt qazanmaq və regional mövqeyini zəiflətməmək. Gərginlik yüksəkdir, amma tərəflər hələlik açıq qarşıdurma xəttini keçmək istəmirlər”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr