AZ

Mərkəzi Asiyadan minlərlə miqrant müharibəyə cəlb olunub Əcnəbi qadınları da Ukraynaya göndərirlər

ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.

Mərkəzi Asiya ölkələrindən olan minlərlə miqrantın Rusiya ordusunun sıralarına qoşularaq Ukraynaya göndərildiyi bildirilir.

Qeyri-rəsmi hesablamalara görə, onların bir qismi yüksək maaş vədləri ilə şirnikləndirilib, digərləri isə – əsasən həbsdə olanlar - məcburiyyət qarşısında müqavilə imzalamağa vadar edilib.

“AzPolitika” bildirir ki, bu barədə məlumatı “Azattyk Asia” yayıb.

Hazırda Rusiyanın Omsk şəhərində istintaq təcridxanasında saxlanılan 18 yaşlı Qırğızıstan vətəndaşı Dilbarın (adı dəyişdirilib) vəziyyəti diqqət çəkir. O, narkotik qaçaqmalçılığı ittihamı ilə həbs olunub və ittihamları rədd edir. Hüquq müdafiəçiləri bildirirlər ki, Mərkəzi Asiyadan olan miqrantlar, o cümlədən qadınlar tez-tez saxta ittihamlarla saxlanılır.

Dilbarın sözlərinə görə, həbsxana əməkdaşları onu döyüb, elektroşokla işgəncə verib və hədələyiblər. Ona iki seçim təklif olunub: ya 15 ilədək azadlıqdan məhrumetmə cəzası, ya da Ukraynaya göndərilməklə Rusiya ordusunda xidmət.

Qızın bacısı bildirib ki, ona Ukraynada Rusiya ordusunda aşpaz kimi xidmət etmək və bir illik müqavilə müqabilində 2 milyon rubl (təxminən 26 min dollar) ödəniş vəd edilib. Həmçinin bir il tamam olduqdan sonra azadlığa buraxılacağı bildirilib.

Dilbar ailəsinə yazdığı məktubda belə qeyd edib: “Əgər mənə böyük cəza versələr, müharibəyə gedəcəyəm. Orada mənə pul verəcəklər və bir ildən sonra azad olacağam”.

Onun bacısı isə bu təklifi qəbul etməməsi üçün Dilbarı razı salmağa çalışdığını deyib: “Biz tez-tez eşidirik ki, Ukraynaya gedənlər sağ qayıtmır”. Ailənin atası da 2023-cü ildə müharibəyə yollanıb və hazırda itkin düşmüş hesab olunur.

Məlumata görə, Rusiya Ukraynadakı itkiləri kompensasiya etmək və yeni səfərbərlik dalğasından yayınmaq üçün on minlərlə məhbusu cəbhəyə göndərib. Hesab olunur ki, bu prosesə yüzlərlə qadın da cəlb edilib – həm Rusiya, həm də xarici ölkə vətəndaşları.

Onların bir qismi hərbi vəzifələrə, digərləri isə aşpaz, tibb bacısı, sanitar və texniki heyət kimi arxa xidmətlərə göndərilir.

Qırğızıstandan olan digər məhbus – 12 il cəza alan Gülbarçın (adı dəyişdirilib) – ailəsinə yazdığı məktubda bildirib ki, həbsxana rəhbərliyi “böyük cəza alanların” siyahısını tərtib edərək onları müharibəyə göndərmək niyyətindədir. O, müqavilə imzalamaqdan imtina etdiyini yazıb.

Özbəkistanda fəaliyyət göstərən “EzguLik” hüquq müdafiə təşkilatı isə Rusiyada həbsdə olan onlarla özbək qadının ailəsindən məktublar aldıqlarını açıqlayıb. Həmin məktublarda qadınların müharibəyə cəlb edilməsi üçün həbsxana rəhbərliyinin təzyiq göstərdiyi iddia olunur.

Mənbələrin bildirdiyinə görə, bəzi hallarda məhbus qadınlara 10 gün ərzində yemək verilməyib ki, onlar “sınaraq” müqavilə imzalasınlar. Özbəkistan vətəndaşı Umida adlı qadın bildirib ki, bəzi məhbuslar müharibəyə göndərilmək qorxusundan intihara cəhd ediblər.

Rusiya hakimiyyəti qadınların məcburi şəkildə cəlb olunması iddialarını rədd edir və xidmətin könüllü əsasda həyata keçirildiyini bildirir. Rəsmi məlumatlara görə, 37 500-dən çox qadın Rusiya Silahlı Qüvvələrində xidmət edir, 270 minə yaxın qadın isə orduda mülki vəzifələrdə çalışır.

Lakin Müdafiə Nazirliyi qadınların, xüsusilə də xarici vətəndaşların nə qədərinin birbaşa cəbhəyə göndərildiyinə dair statistika açıqlamayıb.

Qırğızıstanlı immiqrasiya hüquqşünası Mirlan Toktobekov bildirib ki, Mərkəzi Asiyadan olan qadınların əksəriyyəti arxa cəbhədə işləsə də, bəziləri döyüş bölmələrinə də göndərilir: “Onların sayı kişilərlə müqayisədə azdır, amma belə hallar var”.

Rusiyalı tanınmış hüquq müdafiəçisi Olga Romanova isə bildirib ki, qadın məhbuslar çox vaxt aldadılır: “Qadın koloniyalarında internet yoxdur. Onlar yalnız televiziyada göstərilənləri bilirlər. Düşünürlər ki, tibb bacısı kimi işləyəcəklər. Hara göndərildiklərini isə əslində anlamırlar”.

Beləliklə, Ukraynadakı müharibə fonunda Rusiya həbsxanalarında saxlanılan Mərkəzi Asiya vətəndaşlarının – xüsusilə qadınların hərbi xidmətə cəlb olunması ilə bağlı iddialar yeni suallar doğurur. Rəsmi Moskva məcburiyyət faktını inkar etsə də, hüquq müdafiəçiləri təzyiq və şirnikləndirmə hallarının sistemli xarakter daşıdığını bildirirlər.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
azpolitika.info

1Mənbələr