AZ

Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü: “Rəqəmsal mühitdə şifahi və yazılı nitq arasındakı sərhədlər itir”

Bizimyol saytından alınan məlumata görə, ain.az bildirir.

Dilimizdə işlənən bir çox ifadələr zamanla formalaşaraq həm üslubi, həm də sosial məna çalarları qazanır. Bu baxımdan “loru dil” ifadəsi də diqqət çəkən anlayışlardan biridir. Gündəlik danışıqda daha sadə, qeyri-rəsmi və xalq arasında işlənən üslubu ifadə etmək üçün istifadə olunan bu termin, əslində, tarixi-mənşəyi baxımından maraq doğurur.Bəs “loru dil” ifadəsi haradan yaranıb və Azərbaycan dilinə necə daxil olub?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına açıqlamasında Filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü bildirib ki, loru sözlər sadəcə, dildə qeyri-məqbul olan sözlərdir: “Azərbaycan dilinin inkişafının əsas şərtlərindən biri ədəbi dil normalarının qorunmasıdır. Ədəbi dil xalq dilinin ciddi normalara salınmış bir formasıdır. Ədəbi danışıq üslubu bütün üslublarla möhkəm əlaqədə olub, üslubi əlaqələrin mərkəzində dayanır. Bu üslubun istifadə dairəsi çox genişdir. Hansı sahədə fəaliyyət göstərməsindən, hansı ixtisas sahibi olmasından asılı olmayaraq hamı bu üslubdan istifadə edir.

Rəqəmsal mühitdə isə şifahi və yazılı nitq arasındakı sərhədlərin itdiyi görünür. Sosial şəbəkələr, mesajlaşma tətbiqləri, bloqlar və digər internet resursları vasitəsilə yazılan mətnlərdə şifahi danışıq üslubuna xas elementlər üstünlük təşkil edir. Bu hal, bir tərəfdən ədəbi normanın elastikliyini artıraraq onu daha çevik və dinamik hala gətirir, digər tərəfdən isə yeni dil variasiyalarının formalaşmasına səbəb olur”.

Təranə Şükürlü

“Loru danışıq qeyri-rəsmi danışıq tərzini ifadə edir. Onlar üslubi məqsədlərlə, ifadəni daha təsirli, bəzən isə istehzalı etmək üçün istifadə olunur. Bu sözlərin çox işlənməsi nitqin mədəniyyətini və rəvanlığı azaldır, kobudluq yaradır. Ailədaxili və ya yaxın mühitdəki söhbətlərdə geniş istifadə olunur. Bədii ədəbiyyatda obrazların nitqini xarakterizə etmək (məişət üslubu) üçün əvəzedilməzdir.

Loru sözlərdən istifadə olunması dil normalarını pozur. Onların işlənməsi nitq situasiyasından və danışıq nitqinin səriştəsindən asılıdır. Loru sözlərin işlənməsi ədəbi dilin leksik normasını pozur.

Ümumiyyətlə, loru dil yoxdur. Bir ümumxalq danışıq dili var, bir də ədəbi dil. Ədəbi dil danışıq dili əsasında normalaşmış və formalaşmış, cilalanmış dildir. Bu dilin özünün fonetik, leksik, qrammatik normaları var. Belə ki, loru söz ola bilər, loru dil ola bilməz. Loru sözlər sadəcə, dildə qeyri-məqbul olan sözlərdir ki, onlar ədəbi dil üçün yaramırlar”-deyə Təranə Şükürlü qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
bizimyol.info

1Mənbələr