AZ

ABŞ, Rusiya və Ukrayna Cenevrədə bir araya gəlir: Sülh danışıqlarının üçüncü raundu nə ilə nəticələnəcək?

Cenevrədə Ukrayna üzrə sülh danışıqlarının üçüncü raundu başlayır. 17-18 fevral tarixlərində baş tutacaq görüşdə üç ölkədən – ABŞ , Rusiya və Ukraynadan nümayəndə heyətləri iştirak edəcək.

Münaqişənin hərbi fazası uzandıqca tərəflərin resurs itkisi dərinləşir, cəbhə xəttində isə strateji dalan elementləri güclənir. Belə bir məqamda dialoqun bərpası özü-özlüyündə siyasi siqnaldır. Yəni bu, ən azı tərəflərin tam hərbi həll variantının real olmadığını qəbul etdiklərini göstərir.

Bununla belə, real uzlaşma üçün zəmin hələ zəifdir. Rusiya mövcud nəzarət etdiyi əraziləri danışıqların başlanğıc nöqtəsi kimi təqdim edir və maksimalist mövqeyindən geri çəkilməyə hazır olduğuna dair açıq işarə vermir.

Digər tərəfdən Ukrayna isə suverenlik və ərazi bütövlüyü prinsipini əsas xətt kimi saxlayır. Avropa İttifaqı və ümumilikdə Qərb institutları Kiyevə həm maliyyə, həm hərbi, həm də siyasi dayağı davam etdirir ki, bu da müharibənin davamlılığını mümkün edən əsas amillərdəndir.

Vaşinqton isə bir tərəfdən Ukraynanın müdafiə qabiliyyətini gücləndirir, digər tərəfdən isə münaqişənin nəzarətsiz eskalasiyasının qarşısını almaq üçün diplomatik kanalları açıq saxlayır. Bu balanslı siyasət faktiki olaraq tərəfləri masa arxasına gətirir, lakin onları kompromisə məcbur edəcək qədər sərt çərçivə yaratmır. Nəticədə Cenevrə görüşü daha çox mövqelərin test edilməsi və gələcək konturların yoxlanılması mərhələsi təsiri bağışlayır.

Davam edən müharibə Ukraynanın iqtisadi və demoqrafik potensialını tükəndirir, Rusiya üçün isə sanksiya yükünü və geosiyasi təcridi dərinləşdirir. Cəbhədə hər hansı tərəfin qəti üstünlük qazanmadığı şəraitdə siyasi həll modeli istər-istəməz qarşılıqlı kompromis üzərində qurulmalıdır. Bu kompromisin ən ağrılı elementi ərazi məsələsidir və məhz burada tərəflərin mövqelərinin yumşalması olmadan dayanıqlı atəşkəs çətin görünür. Kiyevin ərazi güzəşti ehtimalı hazırda rəsmi ritorikada inkar olunsa da, müharibənin uzanması belə ssenarini tam istisna etmir. Eyni şəkildə Moskvanın da təhlükəsizlik təminatları müqabilində müəyyən elastiklik göstərməsi mümkündür.

İndiki məqamda Cenevrə görüşünün əsas əhəmiyyəti ondadır ki, müharibənin taleyini dərhal həll etməsə belə, diplomatik prosesin institusionallaşması üçün platforma yaradır. Lakin danışıqlar davamlı xarakter alarsa, tərəflər arasında ilkin ortaq məxrəc humanitar və təhlükəsizlik mexanizmlərindən, daha sonra isə siyasi çərçivədən formalaşa bilər. Sülhün əldə olunması qarşılıqlı güzəşt olmadan formalaşmayacaq.

Politoloq Turan Rzayev

 

 

Seçilən
55
nocomment.az

1Mənbələr