Bərpa olunan enerji mənbələri (BOEM) və dayanıqlı ətraf mühit sahəsində milli akkreditə olunmuş kadr hazırlığı proqramının işlənib hazırlanması Azərbaycan üçün strateji əhəmiyyət kəsb edən vəzifədir.
"Report" xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev "Azərbaycanın enerji sektorunda gənclərin bazar tələblərinə uyğun bacarıqlara və məşğulluq imkanlarına çıxışının genişləndirilməsi" layihəsinin açılışı zamanı deyib.
Onun sözlərinə görə, bərpa olunan enerjinin inkişafı təkcə ekoloji transformasiya deyil, həm də iş yerlərinin yaradılması, bacarıqların inkişafı, biliklərin ötürülməsi, gələcək nəsillər və gənc mütəxəssislər üçün yeni imkanların formalaşdırılması istiqamətində güclü hərəkətverici qüvvədir.
"Lakin bərpa olunan enerji sahəsində potensialımız genişləndikcə, peşəkar bacarıqlara tələbat da artır. Biz işçi qüvvəmizin yalnız cari layihələrə deyil, həm də enerji sektorunun uzunmüddətli transformasiyasına hazırlığını təmin etməliyik. Azərbaycanın şaxələndirilmiş aşağı karbonlu iqtisadiyyata keçidi sürətlənir. Biz bu prosesdə davam edən struktur çağırışları, o cümlədən məşğulluq məsələləri, təhsil proqramlarının əmək bazarının ehtiyaclarına daha da uyğunlaşdırılması, qadınların enerji sektorunda texniki və əməkhaqqının yüksək olduğu vəzifələrdə iştirakının genişləndirilməsi zərurəti ilə üzləşə bilərik", - C.Abdullayev qeyd edib.
Agentliyin rəhbəri vurğulayıb ki, keçid həm dayanıqlı, həm də inklüziv olmalıdır.
"O, gənclər üçün imkanlar yaratmalı, qadınların hüquq və imkanlarını genişləndirməli, eləcə də təhsilin özəl sektorun real tələbinə uyğunluğunu təmin etməlidir.
Bu təşəbbüsün gücü onun birgə xarakter daşımasındadır. Dövlət qurumları, özəl enerji şirkətləri, peşə və ali təhsil müəssisələri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq tərəfdaşlar praktiki, akkreditə olunmuş və bazara yönəlmiş proqramın formalaşdırılması üçün səylərini birləşdirirlər. Bu, sadəcə təhsil islahatı deyil, Azərbaycanın gələcəkdə rəqabətliliyinin artırılmasına, dayanıqlılığına və insan kapitalına yatırılan investisiyadır", - C.Abdullayev əlavə edib.