Bakı, 17 fevral, AZƏRTAC
Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır. Həmin tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, nəticədə qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, süni intellekt alətlərinin tətbiqi həmin prosesdə vahid standartları formalaşdıracaq və məlumatların sistemli şəkildə analizinə, mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan verəcək.
Qeyd edək ki, ötən il “Əlillik” altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan yaradıb.
Həmin texnoloji həll, həmçinin sui-istifadə hallarına səbəb ola bilən həssas və riskli məlumatların avtomatik aşkarlanmasını təmin edərək nəzarət mexanizmlərini gücləndirib. Nəticədə subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində mühüm addım atılıb.
Sosial sahədə rəqəmsal transformasiya prosesinin davamlı şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.