AZ

Rusiya, İran və Çin Hörmüz boğazında birgə hərbi təlimlər keçirir

Üç ölkənin hərbi dəniz qüvvələrinin iştirakı ilə planlaşdırılan manevrlərin dəniz təhlükəsizliyi və ticarət marşrutlarının qorunmasına yönəldiyi bildirilir...

Rusiya, Çin və İran gəmilərini yaxın vaxtlarda Hörmüz boğazı ərazisində keçiriləcək birgə hərbi-dəniz təlimlərinə göndərib.

Poliqon xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Nikolay Patruşev məlumat verib.

Onun sözlərinə görə, “Dəniz təhlükəsizlik kəməri – 2026” adlı təlimlər hazırda aktual məsələlərdən biridir və üç ölkənin hərbi gəmiləri artıq bu məqsədlə bölgəyə yönləndirilib. Patruşev bu barədə "Arqumentı i Faktı" qəzetinə müsahibəsində danışıb.

Bundan əvvəl Tasnim Agentliyi xəbər vermişdi ki, fevralın sonunda İran, Rusiya və Çin şimal hissəsi Hind okeanı akvatoriyasında sayca səkkizinci birgə hərbi-dəniz təlimlərini keçirəcək. Manevrlərdə İran Hərbi Dəniz Qüvvələri, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu donanması ilə yanaşı, Çin və Rusiya hərbi dəniz qüvvələrinin gəmiləri iştirak edəcək.

Məlumata görə, “Dəniz təhlükəsizlik kəməri” formatında keçirilən bu təlimlər 2019-cu ildən İranın təşəbbüsü ilə təşkil olunur. Təlimlərin əsas məqsədi beynəlxalq dəniz ticarətinin təhlükəsizliyinin möhkəmləndirilməsi, regionda sabitliyin qorunması və dəniz kommunikasiyalarının müdafiəsi kimi təqdim edilir.

Birgə manevrlər çərçivəsində iştirakçı ölkələrin donanmaları piratçılığa qarşı mübarizə, dəniz terrorizminə qarşı tədbirlər, axtarış-xilasetmə əməliyyatları və qarşılıqlı operativ koordinasiya üzrə praktiki fəaliyyətlər həyata keçirirlər. Ekspertlərin fikrincə, bu cür təlimlər həm hərbi əməkdaşlığın genişlənməsinə, həm də regionda geosiyasi balansın formalaşmasına təsir göstərir.

Analitiklər qeyd edir ki, Hörmüz boğazı qlobal enerji daşımalarının əsas marşrutlarından biri hesab olunur və burada keçirilən hərbi təlimlər beynəlxalq diqqəti daim cəlb edir. Bu baxımdan Rusiya, Çin və İranın koordinasiyalı fəaliyyəti regional təhlükəsizlik məsələlərində yeni geosiyasi siqnallar kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
85
poliqon.info

1Mənbələr