AZ

Azər Məmmədov: “Parisin Ermənistanda revanşist qüvvələri canlandırmaq və ümidləndirmək cəhdləri Fransanı vasitəçilik missiyasından məhrum edən əsas səbəb idi” » AzadMedia.az

Azər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 13-də Münxendə “France 24” telekanalına verdiyi müsahibəsində səsləndirdiyi fikirlərin əhəmiyyətini aia.az saytının baş redaktoru Azər Məmmədov şərh edib.

İlk növbədə media təmsilçisi qeyd edib ki, bəzən bir müsahibə sadəcə jurnalist marağı deyil, iki fərqli dünyanın – qərəzlə həqiqətin, manipulyasiya ilə ədalətin üz-üzə gəldiyi bir meydandır. Prezident İlham Əliyevin “France 24” telekanalına verdiyi müsahibə də məhz belə bir tarixi duel idi. Jurnalistin sualları arxasında gizlənən o məlum “qərb mərkəzli” baxış bucağı, Azərbaycan dövlət başçısının polad məntiqi və sarsılmaz faktları qarşısında addım-addım geri çəkilməyə məcbur oldu.

Baş redaktorun dediyinə görə müsahibənin ən kəskin tərəfi Ermənistanın silahlandırılması və Fransanın bu prosesdəki təhlükəli roluna həsr olunmuşdu: “Cənab Prezident heç bir diplomatik pərdəyə bürünmədən, birbaşa və kəsərli şəkildə bildirdi ki, Fransanın Ermənistana “müdafiə silahları” adı altında ötürdüyü hər bir hərbi texnika əslində bölgədə yeni bir müharibənin toxumlarını səpir. O, Parisin bu addımlarını revanşist qüvvələri şirnikləndirmək kimi qiymətləndirdi və xatırlatdı ki, Azərbaycanın ordusu hər an, hər saniyə istənilən təhdidi yerindəcə boğmağa qadirdir. Bu, sadəcə bir xəbərdarlıq deyil, həm də Fransanın vasitəçilik missiyasını öz əlləri ilə necə dəfn etdiyinin canlı ifşası idi. Həmçinin Zəngəzur dəhlizi məsələsində jurnalistin “zorakı yol” haqqındakı manipulyativ sualına cənab Prezidentin verdiyi cavab da əslində həm jurnalistə, həm də proqramın bütün izləyicilərinə bir geosiyasi dərs idi. Dövlət başçısı Ermənistanın 10 noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəlikləri xatırladaraq vurğuladı ki, Azərbaycan öz əsas torpağı ilə Naxçıvanı birləşdirən bu yolu mütləq açacaq. Bu dəhliz təkcə iqtisadi bir marşrut deyil, həm də Türk dünyasının bütövlüyünü təmin edən, Avrasiyanın nəqliyyat xəritəsini yenidən yazan strateji bir zərurətdir. Ermənistanın bu layihədən qaçması isə onu bölgənin “kor bağırsağına” çevirməkdən başqa bir işə yaramayacaq.”

Şərhinin sonunda Azər Məmmədov daxili siyasət, insan haqları və guya “siyasi məhbus” məsələləri ilə bağlı ünvanlanan qərəzli suallar qarşısında Prezident İlham Əliyevin Qərbin ikili standartlarını bir-bir masaya qoyduğunu diqqət mərkəzinə çəkir: “Cənab Prezident Avropanın özündə nümayişçilərə qarşı göstərilən amansız rəftarı, sərbəst toplaşmaq azadlığının necə boğulduğunu misal çəkərək, Azərbaycanın daxili işlərinə qarışmaq cəhdlərinin əsassız olduğunu bədii bir kəsərlə ifadə etdi. Müstəqil Azərbaycanın öz qanunları, öz məhkəmə sistemi və ən əsası, öz xalqının iradəsi olduğunu Parisin mərkəzinə qədər çatdırdı. Sülh müqaviləsinə gəldikdə isə, dövlət başçısı Azərbaycanın beş baza prinsipini bir daha xatırlatdı və bildirdi ki, sülh istəyən tərəf ilk növbədə başqasının torpağına olan konstitusion iddialarından əl çəkməlidir. Ermənistanın “vaxt qazanmaq” taktikası və havadarlarının kölgəsində gizlənmək cəhdləri artıq keçərli deyil. Prezident İlham Əliyevin bu müsahibədəki hər bir cümləsi, sanki 44 günlük müharibənin diplomatik müstəvidə davam edən Zəfər yürüşü idi. Dünya bir daha görü ki, Azərbaycanla təhdid dili ilə danışmaq mümkün deyil və bu regionda artıq yeni reallıqlar hökm sürür”.

Seçilən
8
4
azadmedia.az

5Mənbələr