AZ

Fransa həmin separatçıları diqqət mərkəzinə çıxarmağa çalışır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“‘France 24’ telekanalının müxbirinin Prezident İlham Əliyevə ünvanladığı suallar Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməkdə təqsirli bilinərək barələrində hökm çıxarılmış separatçılarla bağlı idi. Halbuki həmin məsələ builki Münhen Təhlükəsizlik Konfransının əsas mövzuları çərçivəsinə daxil deyildi.”

Bu fikirləri Hafta.az-a açıqlamasında siyasi ekspert Qulamhüseyn Əlibəyli fransalı jurnalistin erməni əsilli məhkum şəxslərin əfvi ilə bağlı Azərbaycan Prezidentinə ünvanladığı sualları və verilən cavabları şərh edərkən bildirib.

Q.Əlibəyli qeyd edib ki, adətən Münhen Təhlükəsizlik Konfransı zamanı dövlət başçılarına ünvanlanan suallar konfransın gündəliyinə uyğun olaraq beynəlxalq ictimaiyyət üçün aktual hesab edilən məsələlər, eləcə də dövlətlərin mövqeyi və gözləntiləri ilə bağlı olur. Onun sözlərinə görə, fransalı müxbirin sualları isə barələrində hökm çıxarılmış separatçılar məsələsini guya beynəlxalq səviyyədə prioritet siyasi mövzu kimi təqdim etməyə və bu barədə diqqət formalaşdırmağa xidmət edirdi.

“Əslində isə bu yanaşma göstərir ki, sözügedən məsələ daha çox erməni lobbisinin və onun təsiri altında olan Fransadakı bəzi siyasi dairələrin maraqları çərçivəsində gündəmə gətirilir. Münhen Təhlükəsizlik Konfransının əsas diqqət mərkəzində olan məsələlər isə enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsi və regional əməkdaşlıq kimi qlobal mövzular idi. Bunu fevralın 14-də konfrans çərçivəsində keçirilən ‘Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi’ mövzusunda panel müzakirələri zamanı Prezident İlham Əliyevə ünvanlanan sualların məzmununda da açıq şəkildə görmək mümkün idi”, – deyə ekspert bildirib.

Q.Əlibəyli Prezident İlham Əliyevin cavablarını bir neçə aspektdə dəyərləndirib:

“Birincisi, həmin şəxslərin mühakiməsi siyasi deyil, hüquqi xarakter daşıyır. Onlar Azərbaycan ərazisində beynəlxalq hüquq normalarını və milli qanunvericiliyi pozmaqda, sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri törətməkdə təqsirli biliniblər. Söhbət ərazilərin işğalı, mülki əhalinin zorla köçürülməsi, kütləvi qətllər, infrastrukturun dağıdılması və digər ağır cinayətlərdən gedir. Təxminən bir il davam edən açıq məhkəmə prosesində hər bir təqsirləndirilən şəxsin əməli şahid və zərərçəkmiş ifadələri, foto və video materiallar, eləcə də digər sübutlarla araşdırılıb və hüquqi qiymət verilib.

İkincisi, Azərbaycan Respublikasının ərazisində cinayət törətmiş şəxslərin mühakimə olunması və cəzalandırılması dövlətin suveren hüququdur. Bu prosesə hər hansı formada müdaxilə cəhdi Azərbaycanın daxili işlərinə və suveren səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirilə bilər. Üçüncüsü, əfv məsələsi də Azərbaycan Prezidentinin Konstitusiya ilə müəyyən edilmiş müstəsna səlahiyyətinə aiddir və hər hansı xarici siyasi dairənin və ya lobbi qrupunun istəyi ilə müəyyən oluna bilməz”.

Q.Əlibəyli hesab edir ki, Prezident tərəfindən məhkum olunmuş separatçıların əməllərinin Nürnberq prosesində mühakimə edilmiş nasist cinayətkarlarının əməlləri ilə müqayisə edilməsi xüsusi siyasi və hüquqi mesaj daşıyır. Onun fikrincə, bu müqayisə törədilmiş cinayətlərin ağırlığına və cəzasızlığın yolverilməzliyi prinsipinə diqqət çəkir.

“Xatırlatmaq yerinə düşər ki, Nürnberq prosesində ömürlük həbs cəzası alan nasist rəhbərlərindən biri – Rudolf Hess – ömrünün sonunadək Berlindəki Şpandau həbsxanasında saxlanılıb. Bu fakt beynəlxalq hüquqda ağır cinayətlərə görə məsuliyyət prinsipinin necə tətbiq olunduğunu göstərir”, – deyə ekspert əlavə edib.

Tahirə Qafarlı

Seçilən
27
hafta.az

1Mənbələr