AZ

“Komanda işinin nəticəsini görürük” – Sərdar Salmanzadə

Azərbaycan I Liqasının hazırkı lideri “Şəfa”nın prezidenti Sərdar Salmanzadənin İdmanxeber.az saytına müsahibəsi.

– Komanda “Səbail”lə vacib matçda uduzmamaqla liderliyini davam etdirir. Əsas rəqibinizə uduzmamaqla xal fərqini 6, ən yaxın izləyiciniz “Baku Sportinq”lə isə 3-də saxlaya bildiniz. Bu haqda nə deyərdiniz?

Bütün oyunlarda olduğu kimi “Səbail”lə matçda əsas hədəfimiz qələbə idi. Ancaq bu mümkün olmadı. Lakin onu da deməliyəm ki, bu gün komandada hər şey qaydasındadı. Ən çox qol vuran, ən az qol buraxan və məğlub olmayan komanda bizik. Faktiki olaraq da liderik və zirvədəki yerimizi qorumaqdayıq. Baş məşqçimiz Elgiz Kərəmliyə güvənirik. Onun rəhbərliyi altında komanda liqalarda məğlubiyyət üzü görməyib. Bu məqam bizi sevindirir. Mən inanıram ki, komanda bu cür davam etsə sonda çempion olacağıq.

– Həmin görüşdəki hakimlik məsələsi çox qabardıldı. Verilən penaltinin daha sonradan ləğv olunması mıtbuatda, sosial şəbəkələrdə çox müzakirə olundu.

Bu oyunda yaşananlar hər komandanın başına gələ bilər. İnsan olan yerdə səhv olar. Bizim əsas məqsədimiz öz oyunumuza köklənməkdi. Hakimlərin həmin matçda bilərəkdən belə bir qərar verdiyini düşünmürük. Bu gün Azərbaycanda hakimlik inkişaf etməkdədi. Dünyada belədir ki, hakimlərin qərarı hər zaman oyunların bəzəyi olub. Bu, futbolun gözəlliyidi.

– “Şəfa”nın hazırda lider olması, istər ötən mövsüm II liqada, istər bu mövsüm I liqada uduzmaması və olduğu yerdə lider kimi davam etməsinin xüsusi bir səbəbi varmı?

Bu bir komanda işidi. Rəhbərlikdən tutmuş ən siravi əməkdaşımıza kimi hər kəs öz işini peşəkar səviyyədə görür. Bunun məntiqi nəticəsi kimi də sonda çempion olacağımıza inanıram. Bu komandanı sıfırdan götürüb bu hala gətirmək üçün xeyli əmək sərf edilib. Hər kəsin burada böyük zəhməti var. Ali rəhbərliyə belə bir ideyanı təklif edəndə müsbət cavab aldım və işə başladıq. Məhz buna görə də bugünkü nəticələrimiz yanaşmamıza uyğundu.

– Mətbuatda baş məşqçiniz Elgiz Kərəmlinin göndəriləcəyinə dair xəbərlər dolaşır. Bu nə dərəcədə doğrudu?

Bunlar yalan informasiyalardı. Klub rəhbərliyi baş məşqçimizə yüksək etimad götərir. Düşünürəm ki, bu cür nəticələr verən məşqçini işdən azad etmək qeyri-peşəkarlıq olar. Enişlər də olur, yüksəlişlər də… Qələbələr zamanı necə ki, Elgiz Kərəmlinin yanında olmuşuq, enişlərdə də onun arxasında olmaq bizim borcumuzdu. Əlbəttə bütün komandalarda belədir ki, ardıcıl məğlubiyyətlər olacağı təqdirdə nəticələrə cavabdeh şəxs olan baş məşqçi ilə yollar ayrılır. Şükürlər olsun ki, bugünkü nəticələr ali rəhbərliyi qane edir və biz komandamıza inanırıq.

– Stadion məsələsi nə yerdə qalıb?

Stadion məsələsi ölkəmizdə ciddi problemlərdən biridi. “Şəfa” olaraq istəyirik ki, öz stadionumuz, öz akademiyamız olsun. Bəzi məsələlər var ki, onlar öz həllini tapdıqdan sonra bu məsələ haqqında ictimaiyyətə geniş məlumat veriləcək.

Fərid

Seçilən
21
idmanxeber.az

1Mənbələr