AZ

Prezidentin mövqeyi sübut etdi ki, bu məsələnin müzakirəsi xarici təsirə açıq deyil - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Prezidentin “France 24” telekanalına müsahibəsində separatçı rejim nümayəndələrinin əfvi və ya Ermənistana verilməsi ilə bağlı ortaya qoyduğu mövqe bu məsələdə Azərbaycanın qətiyyətli və prinsipial yanaşmasını bir daha təsdiqlədi. Bu mövqenin ABŞ-ın vitse-prezidenti Cey Di Vensin diqqətinə çatdırılması isə göstərdi ki, separatçı rejim liderlərinin əfvi və ya başqa ölkəyə verilməsi ilə bağlı hər hansı güzəşt mümkün deyil”.

Bu fikirləri Hafta.az-a açıqlamasında politoloq Rəşad Bayramov bildirib.

R.Bayramov qeyd edib ki, 30 ildən artıq müddətdə Azərbaycan ərazilərinin işğal altında saxlanılmasına rəhbərlik etmiş, hərbi qulluqçuların və mülki şəxslərin qətlə yetirilməsində məsuliyyət daşıyan, Gəncə, Bərdə və Tərtərin raket və artilleriya atəşinə tutulması ilə bağlı əmrlər verməkdə ittiham olunan, ərazilərdə talan və qanunsuz silahlı fəaliyyətlə əlaqələndirilən şəxslərin əfvi məsələsi gündəmdə ola bilməz. Onun sözlərinə görə, fransalı jurnalistin sualı ABŞ kimi böyük siyasi aktorun adını çəkməklə mövzunu beynəlxalq təzyiq kontekstinə salmaq və “sülh naminə addım” ifadəsi altında cinayət məsuliyyəti məsələsini siyasi kompromis predmetinə çevirmək cəhdi kimi qiymətləndirilə bilər. Bu yanaşma ağır cinayətlərdə ittiham olunan şəxslərin hüquqi məsuliyyətini humanitar jest çərçivəsinə salmaq və onları siyasi tərəf kimi təqdim etmək təəssüratı yaradır.

Politoloq vurğulayıb ki, Prezident İlham Əliyevin cavabı məsələnin hüquqi və suverenlik müstəvisində olduğunu açıq şəkildə ortaya qoydu. Onun fikrincə, ölkə başçısı bu məsələdə hər hansı güzəştin mümkün olmadığını aydın şəkildə bəyan etməklə ittiham olunan şəxslərin fərdi cinayət məsuliyyəti daşıdıqlarını ön plana çəkdi.

“Prezidentin mövqeyi bir daha sübut etdi ki, bu məsələnin müzakirəsi heç bir xarici təsirə açıq deyil. Qərar yalnız Azərbaycanın Konstitusiyası, qanunvericiliyi və dövlət maraqları əsasında verilə bilər. Hüquqi məsuliyyət məsələsi siyasi alver predmetinə çevrilə bilməz”, – deyə R.Bayramov bildirib.

Onun fikrincə, Prezidentin bəyanatı həm daxili auditoriyaya, həm də beynəlxalq ictimaiyyətə ünvanlanmış prinsipial mesaj kimi dəyərləndirilə bilər. Bu mesajın mahiyyəti ondan ibarətdir ki, suverenlik və hüquqi ədalət məsələlərində Azərbaycan geri addım atmayacaq.

Tahirə Qafarlı

Seçilən
67
hafta.az

1Mənbələr