AZ

Dərin siyasi etimad üzərində qurulan əməkdaşlıq Adəm İsmayıl Bakuvi

ain.az bildirir, Gununsesi portalına istinadən.

“Son illər beynəlxalq münasibətlər sistemində regional tərəfdaşlıqların rolu getdikcə artır və bu kontekstdə Azərbaycan ilə Serbiya arasında formalaşan əməkdaşlıq modeli xüsusi diqqət çəkir. Qarşılıqlı etimada, siyasi dialoqa və praktik iqtisadi maraqlara əsaslanan bu münasibətlər artıq uzunmüddətli strateji tərəfdaşlığa çevrilməkdədir”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi mediaya açıqlamasında bildirib.

Onun fikrincə, fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə keçirilən sənədlərin mübadiləsi mərasimi məhz bu yeni mərhələnin siyasi ifadəsi kimi qiymətləndirilə bilər:

“İmzalanan saziş və memorandumlar göstərdi ki, tərəflər əməkdaşlığı təkcə bəyanatlar səviyyəsində deyil, konkret layihələr və institusional mexanizmlər üzərində qurmağa qərarlıdırlar. Qida təhlükəsizliyi, energetika, iqtisadiyyat, mədəniyyət, idman, eləcə də tibbi sığorta sahələrini əhatə edən sənədlər əməkdaşlığın çoxşaxəli xarakter aldığını nümayiş etdirir. Xüsusilə Serbiya ərazisində qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisinə dair razılaşma enerji tərəfdaşlığını strateji səviyyəyə yüksəldən mühüm addım kimi önə çıxır. Bu layihə həm ikitərəfli iqtisadi maraqlara xidmət edir, həm də Avropa enerji təhlükəsizliyi kontekstində yeni imkanlar yaradır”.

Siyasi ekspert bildirir ki, səfər zamanı səslənən fikirlər münasibətlərin yalnız rəsmi çərçivədə deyil, həm də dərin siyasi etimad üzərində qurulduğunu göstərir:

“Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan və Serbiya liderlərinin təmasları uzun illərdir davam edir, tərəflər bir-birini yaxından tanıyır və səmimi, dostluq münasibətlərinə malikdir. Bu yanaşma dövlətlərarası əlaqələrin şəxsi etimad və qarşılıqlı hörmət müstəvisində inkişaf etdiyini göstərən mühüm amildir. Azərbaycan Prezidenti Serbiya xalqının bütün dövrlərdə dövlət suverenliyinin qorunması naminə böyük səylər göstərdiyini qeyd etməklə yanaşı, Prezident Vuçiçin rəhbərliyi ilə ölkənin həm beynəlxalq nüfuzunun artdığını, həm də iqtisadi-sosial sahədə mühüm islahatların həyata keçirildiyini xüsusi vurğulayıb. Təbii sərvətləri məhdud olan bir ölkənin öz gücünə arxalanaraq inkişaf etməsi, xarici yardımdan asılı olmadan dayanıqlı iqtisadi model qurması bugünkü Avropa məkanında diqqətəlayiq nümunə kimi dəyərləndirilir. Bu kontekstdə Azərbaycan tərəfinin Serbiyanın uğurlarını dost ölkə kimi yüksək qiymətləndirməsi münasibətlərin səmimi mahiyyətini bir daha təsdiqləyir”.

O, həmçinin bildirib ki, prezidentlərin çıxışlarında səslənən digər mesajlar da gələcək əməkdaşlığın istiqamətlərini aydın göstərir:

“Qarşılıqlı siyasi dəstəyin möhkəmlənməsi, investisiya layihələrinin genişləndirilməsi, enerji və nəqliyyat imkanlarının artırılması. Bütün bunlar Azərbaycan–Serbiya tərəfdaşlığının uzunmüddətli və sistemli xarakter daşıdığını ortaya qoyur. Beləliklə, həm imzalanan yeni sənədlər, həm də səfər zamanı verilən siyasi mesajlar göstərir ki, Azərbaycan ilə Serbiya arasında münasibətlər artıq sabit tərəfdaşlıq mərhələsini geridə qoyaraq dərinləşən strateji əməkdaşlıq modelinə çevrilir. Qarşıdakı illərdə enerji, investisiya, sənaye və humanitar sahələr üzrə birgə təşəbbüslərin artması bu münasibətlərin daha da möhkəmlənəcəyini deməyə əsas verir”.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
82
icma.az

1Mənbələr