AZ

Rəşad Mahmudov: “Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil”

Son dövrlər ictimai-siyasi müzakirələrin bir qismi elə bir səviyyəyə enib ki, artıq burada fikir ayrılığından deyil, əxlaqi sərhədlərin hədsiz şəkildə aşılmasından danışmaq lazımdır. Mən bunu hər hansı siyasi mövqedən çıxış edərək demirəm. Bu nə hakimiyyət mövqeyidir, nə müxalifət mövqeyi. Bu, elementar, yəni çox sadə insanlıq mövqeyidir.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov bildirib.

 

“Tarix boyu iqtidar da olub, müxalifət də. Mübarizə də olub, tənqid də. Sərt polemikalar da yaşanıb. Haqlı da olub, haqsız da. Amma cəmiyyətlər o zaman güclü olub ki, mübarizə müəyyən ləyaqət çərçivəsində qalıb. Şəxsi həyatın, ailənin, namusun, insanın şərəf və heysiyyətinin hədəfə alınması isə heç vaxt siyasi mübarizə sayılmayıb. Bu gün sosial platformalarda işlədilən bəzi ifadələr nə azad söz anlayışına, nə də elementar mənəvi normalara sığır. Fikir azadlığı məsuliyyətsizlik və əxlaqsızlıq demək deyil. Söz azadlığı söyüş azadlığı ola bilməz. Ən təhlükəli məqam isə budur ki, bu cür ifadələrə qarşı eyni düşərgədə və ya "siyasi mövqedə" olanların və görünənlərin susmasıdır. Özünü aydın, dəyərli və məsuliyyətli hesab edən hər bir insan, hansı siyasi mövqedə dayanmasından asılı olmayaraq, ilk növbədə öz vicdan və əxlaq sərhədini müəyyən etməlidir. Öz siyasi və ya ictimai həmfikiri olsa belə, “burada dayan” deməyi bacarmalıdır. Burada məsələ “haqlı” və ya “haqsız” olmaq deyil. Dünyada “mütləq doğru” anlayışı mübahisəli ola bilər. Baxış bucaqları fərqli ola bilər. Amma ləyaqətsizlik heç bir ideoloji izahla legitimləşdirilə bilməz. Unutmaq olmaz ki, insan üçün ailə və şərəf ən həssas nöqtədir. Tarix göstərir ki, bu hədd aşılarkən reaksiyalar artıq siyasi polemika çərçivəsindən çıxır. Bu, hədə-qorxu deyil. Bu, sosial psixologiyanın və insan təbiətinin reallığıdır. Cəmiyyətləri dağıdan da, çox ağır nəticələr də məhz bu həddlərin məsuliyyətsiz şəkildə aşılması olub. Bunlar nə hüquqi, nə mədəni, nə də hansısa baxış prizmasından güclü dövlət və cəmiyyət quruculuğu yolunda aparılan siyasi mübarizə deyil. Bu, cəmiyyətə və insanlığa ciddi mənfi təsir göstərən dərin bir əxlaqsızlıqdır. Elə ifadələr var ki, insan onları tək qalanda düşüncəsinə gətirəndə belə üzü, beyni və ürəyi qızarır. Bu gün hər birimizin qarşısında seçim var: Ya səviyyəni qoruyacağıq və gələcək nəsillərə mədəni siyasi və ictimai mühit miras qoyacağıq, ya da səviyyəsizliyi normaya çevirib onun nəticələrinə qatlanacağıq. Mənim mövqeyim açıqdır. Harada olmağımızdan asılı olmayaraq, ləyaqət hər şeydən üstündür. Sərhədi keçən dilə qarşı susmaq isə həmin sərhədin pozulmasına şərik olmaq deməkdir. Gəlin sərhədi birlikdə qoruyaq, cəmiyyət olaraq özümüzə hörməti itirməyək”, - R.Mahmudov qeyd edib.

Tarix: 17 Fevral 2026, 10:30   
Seçilən
45
4
pravda.az

5Mənbələr