AZ

O şəkil danışır Şəhidin həyat yoldaşından ürək dağlayan SÖZLƏR

ain.az bildirir, Modern.az portalına istinadən.

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış hərbi-siyasi qələbədir. 44 günlük Vətən müharibəsi bir xalqın toparlanması, bir gəncliyin fədakarlığı, bir Sərkərdənin öz torpaqlarını azad etmək əzmidir.

Bu savaş ruhun dirçəlişi idi. Gənclər Vətən deyə cəbhəyə yollandılar. Analar övladlarını duaları ilə yola saldılar. Qələbəni qazandıq, o yol Şəhidlərin qanı ilə işıqlandı…

Modern.az saytı bu müqəddəs yolun izlərini yaşatmaq üçün “Şəhiddən qalan son foto” rubrikasını davam etdirir. Bəzən bir şəkil min sözün deyə bilmədiyini pıçıldayır, o şəkildəki bir baxış bütöv bir taleyi danışır. Bu dəfə ünvanımız Lələtəpə yüksəkliyini fəth edən, baxışları ilə belə Vətən deyən Milli Qəhrəman Şükür Həmidovdur.

Bu şəkil  22 oktyabr 2020-ci ildə çəkilib. Şükür Həmidovun Şəhid olduğu anlar...

Bu şəkil Şəhidimizin həyat yoldaşı Könül Həmidova üçün xatirələrin ən ağır, ən sükutlu səhifəsidir. O foto şəhadətindən cəmi bir neçə dəqiqə öncə çəkilən son baxışdır. O foto son vidadır.

Könül xanım deyir ki, Şükür Həmidov nadir hallarda özünü çəkərmiş. Amma müharibə günlərində həm video, həm də foto çəkməsi onu xeyli düşündürüb. Sanki taleyinin bu anı ürəyinə damıbmış. Bəlkə də bu foto ilə ailəsinə, xalqına bir xatirə qoymaq istəyirmiş...

“Onun döyüş vaxtı çəkdirdiyi bütün şəkillərində qəribə bir məna vardı”- deyir Könül xanım.

“Amma son şəkli tam başqa idi. O şəkildə Şükürün üzündə illərin yorğunluğu, gözündə əbədi ayrılığın nisgili görünür. O şəkil danışır. Dilinə gətirə bilmədiklərini baxışları deyir. Hər dəfə o fotoya baxanda düşünürəm. Doğrudanmı Şükür həmişəlik ayrılacağını hiss etdiyi üçün döyüşün ən şiddətli anında son dəfə özünü çəkdi? Belə təsadüf olarmı?” Cavabsız suallar insanın ömrünə çevrilir.

Şükür Həmidov 1 aprel 1975-ci ildə Qubadlının Armudluq kəndində dünyaya göz açıb. Torpaq sevgisi ilə böyüyüb. 2016-cı ilin Aprel döyüşlərində Lələtəpə yüksəkliyinin azadlığı uğrunda göstərdiyi şücaət onun adını qəhrəmanlıq salnaməsinə yazıb. Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2016-cı il tarixli sərəncamı ilə o, “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

"2020-ci ilin 22 oktyabrında isə Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Zəfər” ordeni, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib. Lələtəpə əməliyyatındakı igidliyinə görə vaxtından əvvəl polkovnik rütbəsi alıb.

Amma bütün orden və medallardan üstün bir ad var, Şəhid.

Şükür Həmidovun son fotosunda bir xalqın taleyi görünür. Çox qəribədir, tarix kitabları çox qalın olur. Bəzən isə bir şəkil qalaq-qalaq tarix kitablarından daha çox tarix danışır. Şükür Həmidovun son fotosu kimi...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
modern.az

1Mənbələr