AZ

Serbiya Azərbaycanla strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıdır

Prezident İlham Əliyevin Serbiyaya səfəri və Strateji Tərəfdaşlıq Şurasının ilk iclası iki ölkə arasında münasibətlərin real siyasi, iqtisadi və enerji gündəliyi üzərində qurulduğunu təsdiqləyir. Bu hadisə həm Bakı, həm də Belqrad üçün regional əməkdaşlığın dərinləşdirilməsi və qarşılıqlı maraqlara əsaslanan uzunmüddətli strateji xəttin möhkəmləndirilməsi baxımından mühüm mərhələ kimi qiymətləndirilə bilər.
Rəsmi Belqrad Bakı ilə strateji tərəfdaşlığı inkişaf etdirməkdə israrlıdır. Bu vaxta qədər 2 ölkə arasında artıq 70-ə yaxın əməkdaşlıq müqaviləsi imzalanıb. Hər iki ölkə beynəlxalq hüququn əsas prinsiplərinə – suverenlik və ərazi bütövlüyünə həssas yanaşır. Bu mövqe tərəfləri beynəlxalq platformalarda bir-birinə yaxınlaşdırır. Qarşılıqlı dəstək siyasi etimadı gücləndirir və münasibətləri sabit əsas üzərində qurur.
Azərbaycan qazının Balkanlara çıxışı isə Serbiyanın enerji şaxələndirmə siyasətinə töhfə verir və uzunmüddətli sabitlik yaradır. Ötən gün prezidentlər Serbiyaya təbii qazın ixracının həcmini artırmaq barədə razılığa gəlib. Cənab Prezident bildirdi ki, Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək, artıq təmiz elektrikin əldə edilməsinə də nail olacaq. Gündəlikdə bərpaolunan enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi də nəzərdə tutulur.
Ticarət dövriyyəsinin artımı, qarşılıqlı investisiyalar və birgə layihələr iqtisadi əlaqələri gücləndirir. Xüsusilə infrastruktur, tikinti, kənd təsərrüfatı və sənaye sahələrində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Bu, hər iki ölkə üçün yeni bazarlara çıxış və iqtisadi şaxələndirmə deməkdir.
Azərbaycanın Orta Dəhlizdə artan rolu ilə Serbiyanın Balkan nəqliyyat qovşağı kimi mövqeyi bir-birini tamamlayır. Bu amil gələcəkdə Avropa–Asiya ticarət marşrutlarına töhfə verəcək. Hər iki ölkə balanslaşdırılmış xarici siyasət yürüdür və müxtəlif güc mərkəzləri ilə paralel əməkdaşlıq edir. Bu, Bakı–Belqrad xəttində münasibətləri daha çevik və davamlı edir.
Azərbaycan–Serbiya əlaqələri regional sabitliyə, eyni zamanda hər iki ölkənin strateji mövqelərinin möhkəmlənməsinə xidmət edir.
Fevralın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasına rəsmi səfərə gəlib. Həmin gün Belqradda iki dövlət başçılarının təkbətək görüşü və Prezidentlərin iştirakı ilə Azərbaycan-Serbiya arasında altı mühüm sənədin mübadiləsi mərasimi keçirilib. Mərasimdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev bəyanatında bildirib ki, Serbiya və Azərbaycan – iki dost ölkə daim bir-birinin yanındadır. Dövlətimizin başçısı Serbiyada bu gün qeyd edilən milli bayram münasibətilə Prezident Aleksandar Vuçiçi və dost Serbiya xalqını təbrik edib.
Bildirilib ki, Prezident Vuçiçin rəhbərliyi altında Serbiya uğurla inkişaf edir. O, həm beynəlxalq müstəvidə böyük hörmət qazanıb, eyni zamanda, iqtisadi və sosial sahədə böyük islahatlar aparılıb. Dövlətimizin başçısı qeyd edib ki, bunun nəticəsində bu gün Serbiya təbii sərvətləri olmayan bir ölkə olmasına baxmayaraq, iqtisadi cəhətdən uğurla inkişaf edir, öz gücünə arxalanır, heç bir yerdən heç bir yardım almır. Bugünkü şəraitdə, xüsusilə Avropa məkanında yerləşən ölkə üçün bu, xüsusi amil kimi qiymətləndirilməlidir.
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır. Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
Bu gün Azərbaycan ilə Serbiya arasında energetika sahəsində əlaqələr çoxşaxəli formatda inkişaf edir. Bir müddət bundan əvvəl Azərbaycandan Serbiyaya təbii qazın ixracatına başlanılıb və danışıqlar zamanı qərara gəlinib ki, ixracın həcmi artırılacaq. “İndi Serbiyaya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək artıq təmiz elektrikin əldə olunmasına da nail olacağıq. Bu, həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq”, – deyə dövlətimizin başçısı vurğulayıb.
Həmçinin Serbiya Prezidenti Aleksandar Vuçiç mətbuata bəyanatında bildirib ki, bu gün Prezident İlham Əliyevlə çox əhəmiyyətli məsələlər üzərində, Avropada və bütün dünyada olan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. İki ölkə arasında dost münasibətlərin qurulması Azərbaycan və Serbiyanın bir çox ortaq dəyərlərə sahib olmalarını göstərir.
Serbiya Prezidenti Azərbaycan və Serbiyanın ticarət dövriyyəsi 16 dəfə artdığıni bildirib. O qeyd edib ki, münasibətlər 2015-ci ildən bəri çox inkişaf edib: “Bu günə qədər aramızda 57 sənəd imzalamışdıq. Bu gün də 10-dan artıq sənəd mübadilə edildi. Bu münasibətlərimiz baxımından güclü təməldir”.
Aleksandar Vuçiç hər iki ölkədə təhlükəsizlik məsələlərinin ən yüksək səviyyədə olmasını və Serb xalqının Azərbaycan xalqı ilə olan birbaşa təmaslarının vacibliyini qeyd edib və azərbaycanlıların Serbiyaya tez-tez səfərlərə gəlməsini arzuladığını bildirib.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

Seçilən
17
8
veteninfo.az

10Mənbələr