Gəncə Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən N.Səyyadovun barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nural Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, apellyasiya protesti təmin edilməyib.
İttihama görə, N.Səyyadov şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı qəsdən digər şəxsə xəsarət yetirib.
Belə ki, 22 mart 2025-ci il, saat 02:00 radələrində Gəncə şəhəri, Yeni Qəsəbə, 1500 yaşayış massivi ərazisində yerləşən marketin yaxınlığında tanışı, zərərçəkmiş V.Məmmədov ilə mübahisə edib. Bu zaman o, qəflətən baş vermiş güclü ruhi həyəcan – fizioloji affekt vəziyyətində olarkən, üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla zərərçəkmişin qarın nahiyəsinə bir dəfə qəsdən zərbə vuraraq ona xəsarət yetirib.
Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilib, məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, N.Səyyadov hadisə zamanı şüur və fəaliyyətinə təsir göstərə bilən psixi-emosional vəziyyətdə, fizioloji affekt halında olub.
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, cinayət məsuliyyətindən azad edilib və barəsində cinayət təqibinə xitam verilib. N.Səyyadov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.
Kamal Məmmədov