AZ

Məhkəmə qadını şantaj edərək pul alan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmə və qanunsuz olaraq külli miqdarda narkotik saxlamada təqsirləndirilən S.S.-in (adı və soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

 

İttihama görə, S.S. qeyriləri ilə qabaqcadan əlbir olaraq 2024-cü ilin mart ayının sonlarında T.T.-nin (adı, soyadı şərtiir) iştirakı ilə hakimiyyət nümayəndələrinin ünvanına nalayiq ifadələr işlədilməsi ilə bağlı çəkilmiş videonu hədə-qorxu vasitəsi kimi istifadə etmək qərarına gəlib. Belə ki, naməlum videomontaj proqramı vasitəsilə görüntülər montaj edilərək digər şəxslərə aid kadrlar çıxarılıb və yalnız M.M.-in (qadının adı, soyadı şərtidir) əks olunduğu hissə saxlanılıb.

 

İstintaq materiallarına əsasən, montaj edilmiş həmin videogörüntü sonuncu dəfə 10 aprel 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Hovsan qəsəbəsindən zərərçəkmiş şəxsin anasının istifadəsində olan “WhatsApp” tətbiqinə göndərilib. Həmin vaxt zərərçəkmiş şəxs Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən ünvanda olub. Təqsirləndirilən şəxs və əlbir olduğu digər şəxs videonu sosial şəbəkələrdə yayacaqları ilə hədələyərək 03 aprel 2024-cü il tarixdən 10 aprel 2024-cü il tarixədək olan müddətdə M.M-dən 10 000 manat pul tələb ediblər. Nəticədə tələb olunan məbləğin bir hissəsi – 100 manat S.S.-ə məxsus bank kart hesabına köçürülüb.

 

Bundan başqa, istintaqla müəyyən edilib ki, S.S. naməlum vaxtda və naməlum mənbədən satış məqsədilə külli miqdarda – ümumi təmiz çəkisi 4,990 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamin əldə edərək üzərində saxlayıb və 14 may 2024-cü il tarixdə ünvan 3-ə daşıyıb.

 

14 may 2024-cü il tarixdə saat 03:10 radələrində Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, saxlanılıb və inzibati binaya aparılıb. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 1,712 qram, 1,670 qram və 1,608 qram olmaqla ümumilikdə 4,990 qram metamfetamin olan 3 ədəd sellofan büküm, eləcə də sol yan cibindən üzərində metamfetamin izləri olan 1 ədəd bozumtul-gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülüb.

 

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə), 182.2.4 (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma) maddələri ilə ittiham irəli sürülüb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin 30 may 2025-ci il tarixli hökmü ilə təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə təqsirli bilinərək 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

 

Hökmdən müdafiəçi S.S.-in mənafeyinə aid hissədə apellyasiya şikayəti verərək hökmün ləğv olunmasını və barəsində bəraət hökmü çıxarılmasını xahiş edib. Zərərçəkmiş şəxs də apellyasiya şikayəti verərək hökmün dəyişdirilməsini, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsini, həmçinin təqsirləndirilən şəxsə sanksiyada nəzərdə tutulmuş ən ağır cəzanın təyin edilməsini istəyib.

 

Kamal Məmmədov

Tarix: 17 Fevral 2026, 09:19   
Seçilən
49
pravda.az

1Mənbələr