AZ

Bəhruz Əliyev: “Rəqəmsal arxitekturanın prioritet elan olunması təkcə texnoloji deyil, həm də sosial-iqtisadi təsirlərə malik strateji qərardır”

Rəqəmsal arxitekturanın prioritetləşdirilməsi ölkədə texnoloji infrastukturun inkişafı və rəqabət qabiliyyətinin artırılması baxımından əsas hədəf kimi müəyyən edilib. Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirənin keçirilməsi də müasir rəqəmsal iqtisadiyyat quruculuğu yolunda yeni həll yollarının müəyyən edilməsi, süni intellekt sahəsində fundamental addımlar atmağın vacibliyi, sahənin kadr bazarına təsiri baxımından önəm kəsb edir.

 

İnformasiya Texnologiyaları üzrə mühəndis-tədqiqatçı Bəhruz Əliyev Pravda.az-a açıqlamasında deyib ki, Azərbaycanın yeni rəqəmsal arxitekturasının dövlət səviyyəsində prioritet elan edilməsi, ilk növbədə, rəqəmsallaşmanın konseptual çağırışdan konkret icra mərhələsinə keçməsi deməkdir:

 

“Bu, ayrı-ayrı qurumların pərakəndə şəkildə rəqəmsal həllər tətbiq etməsi yox, vahid standartlar, təhlükəsizlik tələbləri və milli məlumat suverenliyi çərçivəsində koordinasiyalı transformasiya anlamına gəlir. Praktiki müstəvidə bu qərar dövlət informasiya sistemlərinin modernləşdirilməsi, vahid platformaların qurulması, milli data mərkəzlərinin və data göllərinin (datalake) yaradılması, bulud texnologiyalarının tətbiqi, süni intellekt əsaslı qərar dəstək sistemlərinin dövlət idarəçiliyinə inteqrasiyası kimi real layihələrin sürətlənməsinə gətirib çıxaracaq. Bu proseslər fonunda əmək bazarında tələbat əsasən bir neçə strateji ixtisas üzrə artacaq. Xüsusilə kibertəhlükəsizlik mütəxəssisləri (SOC analitikləri, təhlükəsizlik memarları, pentesterlər), data sahəsi üzrə kadrlar (data analitikləri, data mühəndisləri, Big Data arxitektorları), süni intellekt və maşın öyrənməsi mühəndisləri, bulud və DevOps mütəxəssisləri, milli informasiya sistemlərinin inteqrasiyası ilə məşğul olan sistem arxitektorları daha çox tələb olunan peşələrə çevriləcək. Paralel olaraq hüquq-texnologiya kəsişməsində çalışan “AI etikası üzrə mütəxəssis” kimi yeni profillərə də ehtiyac arta bilər”.

 

B.Əliyev bildirib ki, bu qərar yalnız dövlət sektoru ilə məhdudlaşmayacaq: “Əksinə, özəl sektor üçün də əlavə sifariş və layihələrin yaranması qaçılmazdır. Dövlətin iri rəqəmsal transformasiya layihələri yerli İT şirkətləri, startaplar, sistem inteqratorları, kibertəhlükəsizlik və bulud xidmətləri göstərən firmalar üçün yeni bazar formalaşdıra bilər. Regionlarda da rəqəmsal mütəxəssislərə tələbatın artması gözlənilir. Elektron xidmətlərin genişlənməsi, ağıllı şəhər və ağıllı kənd layihələri, regional data mərkəzlərinin və xidmət ofislərinin yaradılması bölgələrdə İT mütəxəssisləri üçün yeni iş imkanları açacaq. Bu, eyni zamanda regionlardan paytaxta kadr axınının bir qədər azalmasına və yerli kadr potensialının yerindəcə formalaşmasına şərait yarada bilər. Xüsusilə praktik təcrübəyə malik kibertəhlükəsizlik mütəxəssisləri, real layihələrdə çalışmış data mühəndisləri və süni intellekt üzrə ixtisaslaşmış kadrlar bazarda məhdud saydadır. Bu məhdudiyyəti aradan qaldırmaq üçün əlavə və məqsədli kadr hazırlığı proqramlarına ehtiyac var. Buraya dövlət–universitet–özəl sektor əməkdaşlığı çərçivəsində tətbiqi təlim mərkəzlərinin yaradılması, beynəlxalq sertifikasiya proqramlarının (məsələn, kibertəhlükəsizlik, bulud texnologiyaları, data analitikası üzrə) dəstəklənməsi, magistratura və peşə təhsili proqramlarının yenilənməsi daxil ola bilər. Eyni zamanda, süni intellekt və kibertəhlükəsizlik üzrə tədqiqat və innovasiyanın stimullaşdırılması uzunmüddətli perspektivdə kadr çatışmazlığını sistemli şəkildə azalda bilər. Rəqəmsal arxitekturanın prioritet elan olunması təkcə texnoloji deyil, həm də sosial-iqtisadi təsirlərə malik strateji qərardır. Bu qərar ölkədə rəqəmsal iqtisadiyyatın formalaşmasına, yüksək ixtisaslı kadr bazasının genişlənməsinə və Azərbaycanın regional rəqəmsal mərkəzlərdən birinə çevrilməsinə real zəmin yarada bilər”.

 

Şəhanə Quliyeva

Tarix: 17 Fevral 2026, 08:44   
Seçilən
27
pravda.az

1Mənbələr