AZ

Toyota Highlander artıq tam elektrik krossover kimi təqdim olunub

Beşinci nəsil model ABŞ-də debüt edib, 500 km-dən çox yürüş ehtiyatı və üçsıralı salon təklif edir...

Poliqon xəbər verir ki, Toyota şirkəti Highlander modelinin beşinci nəslini ABŞ-də təqdim edib və bu dəfə krossover tamamilə elektrik mühərrikli versiyada debüt edib. Modelin dünya premyerası fevralın 11-nə keçən gecə baş tutub. Şirkət hesab edir ki, Şimali Amerika bazarında ailə seqmentinə aid alıcılar getdikcə daxili yanma mühərrikli avtomobillərdən imtina edərək elektromobillərə üstünlük verəcəklər və Highlander-in konseptual transformasiyası da məhz bu strategiya ilə bağlıdır.

Məlumata görə, yeni nəsil əvvəlki modeldən ölçülərinə görə daha böyükdür. Avtomobilin uzunluğu 5050 mm, eni 1989 mm, hündürlüyü isə 1709 mm təşkil edir. Uzunluq baxımından yenilik əvvəlki nəsildən təxminən 10 sm böyükdür, lakin uzadılmış Toyota Grand Highlander versiyasından 6,6 sm qısadır. Təkər bazası 3050 mm-dir ki, bu da əvvəlki “Grand” versiya ilə müqayisədə 104 mm artıqdır. Uzadılmış baza dartıcı batareyaların döşəmə altında daha optimal yerləşdirilməsinə imkan yaradıb.

Eksteryer dizaynında lakonik xətlər və qrafik olaraq fərqləndirilmiş dam quruluşu diqqət çəkir. Şirkət ilkin mərhələdə avtomobili çıxarılan qapı tutacaqları ilə təchiz etməyi planlaşdırsa da, son anda bu fikirdən imtina edib və ənənəvi mexanizmə üstünlük verib. İstehlakçılar çıxarılan tutacaqları praktik olmaması, xüsusilə şaxtalı havada donması səbəbindən tənqid ediblər. Bundan əlavə, 2027-ci ildən etibarən Çində belə konstruksiyaların qadağan ediləcəyi gözlənilir və digər ölkələrin də oxşar qərar qəbul edə biləcəyi istisna edilmir.

Salonda 12,3 düymlük rəqəmsal cihaz paneli və 14 düymlük böyük multimedia ekranı quraşdırılıb. Salon üçsıralıdır və 2+3+2 sxemi üzrə təşkil olunub. Döşəmə tamamilə düz formadadır. Baqaj həcmi standart vəziyyətdə 450 litr, üçüncü sıra qatlandıqda isə 1292 litr təşkil edir.

Baza versiya ön ötürücülüdür və 221 at gücü, 268 Nm fırlanma anı hasil edən elektrik mühərriki ilə təchiz olunub. Enerji mənbəyi 77 kVt·saat tutumlu litium-ion batareyadır və tam enerji yığımı ilə 460 km yürüş ehtiyatı təmin edir. Tam ötürücülü versiyada isə iki elektrik mühərriki quraşdırılıb, onların ümumi gücü 338 at gücü, fırlanma anı isə 438 Nm-dir. AWD versiyası həm baza batareya, həm də 95,8 kVt·saat tutumlu daha böyük enerji bloku ilə təklif olunur. Sonuncu halda yürüş ehtiyatı 512 km-ə çatır.

Yeni elektrik Toyota Highlander modelinin istehsalı ABŞ-də, Kentukki ştatındakı zavodda təşkil olunacaq. Şimali Amerika bazarı əsas hədəf kimi müəyyən edilib. Satışların ilin ikinci yarısında başlaması planlaşdırılır və başlanğıc qiymətin təxminən 50 min ABŞ dolları olacağı bildirilir.

Xatırladaq ki, əvvəlki nəsil XU70 indeksli Highlander 2019-cu ildən istehsal olunurdu və həm benzin, həm də hibrid versiyalarda təqdim edilirdi. Yeni elektrik nəsil isə model tarixində radikal texnoloji dönüş kimi qiymətləndirilir.

Poliqon.info

Seçilən
23
poliqon.info

1Mənbələr